“Real”ın futbolçusu Luka Modriçi həbs təhlükəsi gözləyir. Apasport.az saytının məlumatına görə, belə iddia ilə “The İndependent” nəşri çıxış edib.
Xorvatiyalı yarımmüdafiəçi yalançı şahidlikdə günahlandırılıb. Belə ki, Zaqreb “Dinamo”sunun prezidenti Zdarvko Mamiç və onun qardaşı klubun baş məşqçisi Zoran Mamiç haqqında açılmış vergidən yayınma işinin məhkəməsində ifadə verən Modriç “Dinamo”dan “Tottenhem”ə keçidi haqqında danışıb.
Əsas istintaq da məhz bu keçid üzərində gedir. Məhkəmə iddia edir ki, “Dinamo” klubu bu transferdən qazandığı 17.3 milyon avrodan dövlətə verməli olduğu 1.8 milyon məbləğində vergidən yayınıb. Modriçin açıqlamaları isə istintaqa şübhəli gəlib.
Əgər oyunçunun yalan ifadə verdiyi sübuta yetirilsə, onu 6 aydan 5 ilə qədər həbs cəzası gözləyir.