[b]Lüksemburq mediası "Qarabağ"dan və Qarabağ münaqişəsindən yazdı[/b]
20.06.2016 - 20:03
[b]Lüksemburq mediası "Qarabağ"dan və Qarabağ münaqişəsindən yazdı[/b]

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çempionumuz “Qarabağ”ın Lüksemburq “Düdelanj”ı ilə rəqib olması həmin ölkə mətbuatının da diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, “cırtdanlar”ın “www.wort.lu” xəbər portalı təmsilçimiz haqqında geniş yazı hazırlayıb. Komandalarının güclü rəqiblə qarşılaşacağını qeyd edən yerli jurnalistlər bunu “Qafqaza təhlükəli səfər” adlandırıblar.

 

“Qarabağ”ın Ağdamı təmsil etməsini və Ermənistanla münaqişəni, bunun nəticəsində klubun vətənindən uzaq düşməsini qabardan həmkarlarımız təmsilçimizi güclü rəqib kimi təqdim ediblər. Baş məşqçi Qurban Qurbanov və köməkçiləri haqqında yüksək fikirdə olan mətbu orqanı, “köhlən atları”ın yaxşı seleksiyaçılara mailk olduğunu qeyd edərək, xüsusilə, ağdamlıların ötən mövsüm Avropa Liqasının qrup mərhələsindəki çıxışını qabardıb.

 

“Anderlext” üzərindəki qələbənin və “Monako” ilə bərabərliyin qeyd olunduğu məqalədə çempionumuzun heyətindəki oyunçular haqqında da bəhs edilib.

 

Komandanın lideri Rəşad Sadıqov, yarımmüdafiəçi Miçel, qapıçı İbrahim Şehiç, Riçard Almeyda kimi oyunçuları vurğulayan kolleqalarımız braziliyalı Reynaldonun “Anderlext”dən yaxşı tanış olduğunu bildiriblər.

 

Lüksemburqlu idman yazarlarının əsas diqqət mərkəzində isə hazırda Avropa çempionatında çıxışını davam etdirən Albaniya millisinin kapitanı Ansi Aqolli olub.

 

“Düdelanj”ın yeni baş məşqçisi Dino Topmöllerin işinin asan olmayacağını qeyd edən sayt əməkdaşları ona xüsusilə adıçəkilən oyunçulara qarşı diqqətli olmağı tövsiyyə ediblər.