IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk qələbəsini II turda Səudiyyə Ərəbistanı üzərində qazanıb – 2:0. Oyundan sonra yığmamızın hücumçusu Mahir Mədətov apasport.az saytının suallarını cavablandırıb.
- Birinci hissədə oyununuz heç alınmadı. Sizə nə mane olurdu?
- Əslində, bu, əvvəlcədən planlaşdırılmış addım idi. Fasiləyə qədər həm də küləyə qarşı mübarizə apardıq. Belədə çalışdıq hesab qoruyaq, top buraxmayaq. Çünki ikinci hissədə küləyin əsdiyi istiqamətə tərəf oynayacaqdıq.
- Səudiyyə Ərəbistanı ilk oyunda məğlub olduqdan sonra əksəriyyət qrupun autsayderi gözündə onları görürdü. Amma bu görüşdə sanki fərqli rəqiblə üz-üzə gəldiniz...
- Biz meydana çıxanda bu haqda düşünmürük. Yəni komandaları zəif və ya güclü kateqoriyaya ayırmırıq. Nə də özümüzü qrupun favoriti hesab edirik. Məncə, görüşün əvvəlinin bizim üçün çətin keçməsində küləyin “əməyi” danılmazdı.
- Kamerun təhlükəli komandadı, yoxsa Səudiyyə Ərəbistanı?
- Kamerun daha güclüdü. Onlar təkcə qrupun yox, ümumiyyətlə, yarışın favoritlərindən biridilər.
- Startda çox aressiv idiniz. Hər fitə etiraz edirdiniz. Nə baş vermişdi?
- Birinci hissədə dözmək lazım idi. Biz də müdafiədən çıxmaqda çətinlik çəkirdik. Belədə əsəbləşirdim. Hücumda top saxlamaq lazım idi, amma küləyə qarşı bunu bacarmırdıq. Çox çətin idi.
- Sarı vərəqə deyəsən, keyləşdirici rolunu oynadı…
- Ondan sonra sakitləşdim. Dərk elədim ki, matçın əvvəlində bu cür oynamaq olmaz.
- Bu qələbə qrupdan çıxmaq baxımından həlledici rol oynaya bilərmi?
- İlk qələbəmizi qazandıq, qolumuzu vurduq. Ancaq heç nə həll olmayıb. Mərakeşlə oyunun nəticəsi çox vacibdi. Qələbə qazanmalıyıq. Heç-heçə haqda düşünmək olmaz. İşimizi özümüz həll etməliyik.
- Bu qələbə yarışlarda medal qazanacaq idmançılar üçün nəzərdə tutulan pul mükafatının açıqlandığı günə təsadüf etdi. Bir bağlılıq axtarmağa dəyərmi?
- Bunu, həqiqətən də, fikirləşməmişdik. Məbləği də bilmirik. Sadəcə, rəsmi açılış mərasimindən öncə qələbə qazanmağımız sevindirici oldu.
- Bu yarışda əsas stimul nədi?
- Öz vətənimizdə oynayırıq. Ola bilər ki, kimlərsə turniri əhəmiyyətli hesab etmir. Amma qalib olmaq, medal qazanmaq yaxşı hal olar. Bunu etsək, tarixə düşəcəyik.
- Qrupdakı son rəqibiniz olan Mərakeşin oyununu izləmisinizmi?
- Bizim qarşılaşma ilə üst-üstə düşdüyü üçün baxmamışam. Eşitdiyimə görə, heyətlərində texnikalı futbolçu var. Onlar Kamerundan daha sanballı komandadı.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”