[b]Maksim Medvedevin zədəsi ciddi deyilmiş[/b]
04.10.2017 - 15:31
[b]Maksim Medvedevin zədəsi ciddi deyilmiş[/b]

DÇ-2018-in seçmə mərhələsində Çexiya və Almaniya ilə oyunlar öncəsi Azərbaycan millisindən kənarlaşdırılan Maksim Medvedevin durumuna aydınlıq gəlib. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov apasport.az saytına açıqlamasında müdafiəçinin durumunun ciddi olmadığını bildirib.

 

Onun sözlərinə görə, Çempionlar Liqasının II turunda “Roma” ilə qarşılaşmadan sonra ayaq əzələsində ağrılar hiss edən vitse-kapitan bir neçə gün məşqlərdən uzaq qalmalı olacaq. Belə ki, həkimlər Medvedevə 5-7 gün istirahət etməyi məsləhət görüblər. Məhz bu səbəbdən futbolçunu riskə atmaq istəməyən yığmanın baş məşqçisi Robert Prosineçki onu heyətdən uzaqlaşdırıb.

 

Çempionatda yaranmış fasilə 28 yaşlı sağ cinah oyunçusu üçün göydəndüşmə olub. Çünki “Qarabağ”ın növbəti tur matçını oktyabrın 13-də keçirəcəyini nəzərə alsaq, Maksimin həmin vaxta qədər sıraya dönməsi gözlənilir.

 

Premyer Liqanın VII turunda “Zirə” ilə keçirilən görüşün 30-cu dəqiqəsində zədələnərək əvəzlənən digər müdafiəçi Yakub Jezniçak da təxminən 1 həftə məşq edə bilməyəcək. Həm Jezniçak, həm də Medvedev “İnter”lə çempionat matçını buraxsalar belə, Çempionlar Liqasında oktyabrın 18-də “Atletiko” ilə keçiriləcək matça hazır olacaqlar.