[b]Məhəmməd Mirzəbəyov: Hər ikisi eynidi [/b]
01.03.2016 - 17:32
[b]Məhəmməd Mirzəbəyov: Hər ikisi eynidi  [/b]

“Zirə” ilə oyuna yaxşı hazırlaşmışıq. Sabahkı matça tam hazırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin və Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyov deyib.

 

Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ” sabah “Zirə” ilə ilk görüşə çıxacaq.

 

Bununla bağlı fikirlərini bölüşən Mirzəbəyov iddialı danışıb. O, növbəti mərhələyə adlayan komandanın “Qəbələ” olacağını bildirib: “İlk matç səfərdə keçirilir və biz bu oyundan yaxşı nəticə ilə ayrılmalıyıq. Əgər meydana heç-heçə etmək düşüncəsi ilə çıxsaq, bu bizim əleyhimizə işləyər. Odu ki, bizi yalnız bir nəticə qane edə bilər, o da qələbə. Hesab isə böyük önəm kəsb etmir. Əsas yarımfinala adlamaqdı. Allahın köməkliyi ilə bu missiyanın öhdəsindən gələcəyik”.

 

25 yaşlı müdafiəçi “Qəbələ”nin qış fasiləsindən sonrakı çıxışını dəyərləndirib. O bildirib ki, komanda oyundan-oyuna daha inamlı təsir bağışlayır: “Qəbələ”nin özünə bənzəmədiyini deyənlərlə razı deyiləm. Qış təlim-məşq toplanışını yaxşı keçirdik. Həm fiziki, həm də taktiki planda hazırıq və bunu oyunlarda göstəririk. Sadəcə, qol imkanlarından lazımınca yararlana bilmirik. Bu isə qələbə qazanmaq işimizi çətinləşdirir. Belə isə hər şey qaydasındadı. Mən komandanın daxilindəyəm və “Qəbələ”də problem görmürəm”.

 

“Qəbələ”nin avrokuboklara vəsiqə qazanmaq iddiasında olduğunu bildirən Mirzəbəyov çempionat və kubok arasında fərq qoymadıqlarını vurğulayıb: “Bizim üçün hər ikisi eynidi. Həm çempionatda, həm də kubokda iddiamızı sona qədər davam etdirəcəyik. “Qızıl dubl” etməyi kim istəməz ki? Razıyam, avrokuboklara gedən asan yol kubokdan keçir. Amma bu o demək deyil ki, biz çempionata önəm vermirik. Hər iki turnirdə sözümüzü demək əzmindəyik”.

 

Qeyd edək ki, ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində sabah keçiriləcək “Zirə” – “Qəbələ” matçı saat 18:00-da start götürəcək.