“Özümü xoşbəxt hiss edirəm. Çünki Azərbaycanda çıxış etmişəm, ölkə xaricində çempion olmuşam”. Apasport.az saytı xəbər verir ki, bu sözlər meksikalı sabiq futbolçu Erik Marinə məxsusdu.
2010-cu ildə karyerasını “Kruz Azul”un heyətində başa vuran 38 yaşlı keçmiş hücumçu Meksika mətbuatına müsahibə verib. Onun sözlərinə görə, karyerası ərzində Azərbaycana səfər edib və “Neftçi”nin formasını geyinib.
Marin hətta Bakı haqda təəssüratlarını da bölüşüb: “Peru klubu “Koronel Bolonesi” ilə çempion olmuşam. Mən həm də Azərbaycan təmsilçisi “Neftçi”də çıxış etmişəm. Bu komanda yerləşdiyi Bakı şəhərinin simvollarından biridi. Yaxşı təcrübə idi. Ümumiyyətlə, meksikalılar dünyanın istənilən yerində oynaya bilirlər. Amma ailədən uzaq yaşamaq, bilmədiyin dilə uyğunlaşmaq çətindi”.
Tam adı Erik Alexandro Marin Martines olan sabiq oyunçu “Neftçi”dəki karyerasından bəh-bəhlə danışsa da, maraqlıdı ki, bu insanın Azərbaycan futbolu ilə yaxından-uzaqdan əlaqəsi olmayıb.
Belə ki, araşdırmamızın nəticəsi onu göstərir ki, müstəqillik dövründə ölkəmizdə cəmi 1 meksikalı futbolçu çıxış edib. O da 2007/08 mövsümündə “Standard” klubunda çıxış etmiş Osvaldo Lukas olub. Yəni Erik Marin Meksika mətbuatına karyerası ilə bağlı danışarkən, Azərbaycan futbolu və “Neftçi” adından yararlanaraq, özünü reklam edib.
Qeyd edək ki, Erik Marinin futbolçu karyerasının böyük hissəsi Meksika ilə bağlı olub. 2000-2010-cu illər ərzində peşəkar futbolçu kimi çıxış etmiş sabiq forvard yalnız 1 il Perunun “Koronel Bolonesi” klubunda legioner həyatı yaşayıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”