“Bavariya”nın kapitanı Filipp Lam mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı oyunçu ən intizamlı futbolçulardan biri kimi yaddaşlarda qala bilər.
Çünki müdafiəçi olmasına baxmayaraq, Lam karyerası ərzində hakimləri çox əziyyətə salmayıb. İki illik “Ştutqart” dönəmini nəzərə almasaq, karyerası “Bavariya” ilə bağlı olan ulduz futbolçu indiyə qədər heç vaxt qırmızı vərəqə görməyib. Peşəkar karyerasında 700-dən çox oyun keçirmiş bir müdafiəçi üçün isə bunu möhtəşəm göstərici hesab etmək olar.
Ümumiyyətlə, qırmızı vərəqə ilə daha çox müdafiəçilər və müdafiəyəmeyilli yarımmüdafiəçilər üzləşirlər. Bu mənada Lamın “qırmızı”dan yayınması onun necə səliqəli və intizamlı futbolçu olduğunu ortaya qoyur. Almaniya futbolunun unudulmaz siması bu uğurunu sona qədər davam etdirə bilsə, karyerasını bitirmiş Qaetano Skirea, Cüneyt Tanman və Maksim Bossis kimi müdafiəçilərə qoşulacaq. Onun kimi, hazırda 38 yaşı olmasına baxmayaraq, futbol oynamaqdan yorulmayan Aron Hyuz da indiyə qədər meydandan qovulmayıb.
Peşəkar futbolda 500-600-dən çox oyun keçirib, bir dəfə də olsun qırmızı vərəqə almamaq hər oyunçuya nəsib olmur. Məsələn, karyerasında 1000-dən çox oyunda iştirak etmiş “Mançester Yunayted”in əfsanəsi Rayan Giqqzi ən intizamlıların sırasından cəmi 1 qırmızı vərəqə ayırır. Onun kimi, müasir futbolun “bir nömrəsi” hesab edilən “Barselona”lı Lionel Messi də 1 dəfə meydandan qovulmağa macal tapıb. Argentinalı yeganə “qırmızı”nı millinin heyətindəki debüt qarşılaşmasında alıb.
Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş Mahmud Qurbanov da qırmızı vərəqə almadan futboldan getməyi bacarıb. Klub və millidəki bütün oyunlarını nəzərə alsaq, 600-ə yaxın matçda iştirak etmiş, ən çox çempionluq titulu qazanmış Qurbanov vərəqə baxımından da nümunəvi oyunçu olub.
Karyerası ərzində çox oyun keçirib qırmızı vərəqə almayan ən tanınmış futbolçuları təqdim edirik:
Raul Qonzales (“Real”, “Şalke”, “Əl-Sədd”, “Nyu York Kosmos / İspaniya)
Qari Lineker (“Lester”, “Everton”, “Barselona”, “Tottenhem”, Naqoya Qrampus” / İngiltərə)
Andres İnyesta (“Barselona” / İspaniya)
Kərim Benzema (“Lion”, “Real” / Fransa)
Joao Moutinyo (“Porto”, “Sportinq”, “Monako” / Portuqaliya)
Mişel Platini (“Nansi”, “Sent-Etyenn”, “Yuventus” / Fransa)
Qaetano Skirea (“Atalanta”, “Yuventus” / İtaliya)
Damyen Daff (“Bləkbörn”, “Çelsi”, “Nyukasl”, “Fulhem”, “Melburn Siti”, “Şemrok Rovers” / İrlandiya)
Aron Hyuz (“Nyukasl”, “Aston Villa”, “Fulhem”, “Kuinz Park Reyncers”, “Brayton”, “Melburn Siti”, “Kerala Blasters”, “Harts” / Şimali İrlandiya)
Marko Bode (“Verder” / Almaniya)
Giorgos Sideris (“Atromitos”, “Olimpiakos”, “Royal Antverp” / Yunanıstan)
Dinos Kuis (“Aqrotikos Asteras”, “Aris” / Yunanıstan)
Yan Popluhar (“Slovan” (Bratislava), “Ruda Xvezda”, “Lion”, “Zbroyovka”, “Slovan” (Vyana) / Çexoslovakiya)
Dudu Georgesku (“Proqresul”, “Reşita”, “Dinamo” (Buxarest), “Bakau”, “Qloria Buzau”, “Flakara”, “Muskelul”, “Unirya”)
Cüneyt Tanman (“Qalatasaray” / Türkiyə)
Maksim Bossis (“Nant”, “RS Paris” / Fransa)
Dominiqe Roşetau (“Sent-Etyenn”, “Paris”, “Tuluza” / Fransa)
Andrey Kvaşnyak (“Sparta” / Çexoslovakiya)
Yiannos İoannu (APOEL / Kipr)