[b]Məsut Özil Cüneyt Çakırı niyə söydü?[/b]
24.02.2016 - 15:43
[b]Məsut Özil Cüneyt Çakırı niyə söydü?[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsinin dünən keçirilən “Arsenal” – “Barselona” matçında xoşagəlməz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, ispaniyalıların 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada baş hakim Cüneyt Çakır təhqirlərə məruz qalıb.

 

Türkiyəli referinin idarəçiliyindən narazı qalan yerli azarkeşlər görüşün gedişində onun ünvanına tez-tez təhqiramiz ifadələr işlədiblər. Qarşılaşmanı canlı yayımlayan Türkiyənin “TRT 1” kanalının efirində də ingiliscə deyilən bu nalayiq ifadələr açıq-aşkar eşidilib. Bu səbəbdən də kanal “Emireyts” stadionundakı əməkdaşın şərhini dayandırıb və şərh studiyadan olunub.

 

Lakin Çakır təkcə ingilis azarkeşlərin qəzəbinə tuş gəlməyib. İkinci hissədə bir epizodda “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil ona qarşı sərt hərəkətdən sonra cərimə zərbəsi gözləsə də, baş hakim davam qərarı verib. Bundan narazı qalan Türkiyə əsilli futbolçu məhz türk dilində bir qədər aralıda olan Cüneyt Çakırı söyüb. Onun hakimə dediyi sözləri görüşü televiziya vasitəsilə izləyənlər də başa düşüblər.

 

“Arsenal” - “Barselona” oyunu ilə bağlı İngiltərə mətbuatı da maraqlı iddia ilə çıxış edib. Belə ki, kataloniyalılar hesabda 2:0 öndə olarkən, 85-ci dəqiqədə qonaqların müdafiəçisi Xerard Pike sarı vərəqə alaraq, cəzalı duruma düşüb. İngilislər onun cütün taleyinin həll olunduğunu düşünərək cavab görüşünü buraxmaq və növbəti mərhələdə bu təhlükəni yaşamamaq üçün qəsdən sarı vərəqə aldığını iddia ediblər.

 

Qeyd edək ki, “Barselona” ilə “Arsenal” arasında cavab görüşü martın 16-da “Nou Kamp” stadionunda baş tutacaq.