[b]Milli borc[/b]
04.10.2017 - 15:45
[b]Milli borc[/b]

Sabah DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında IX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, C qrupunda mübarizə aparan Azərbaycan yığması öz meydanında Çexiya ilə qarşılaşacaq.

 

Rusiyadakı mundiala qatılmaq şansını itirən iki komandanın görüşü tərəflər üçün formal xarakter daşıyır. Çünki turnir cədvəlində daha yüksək yerlər üçün mübarizə aparan komandaların tuta biləcəyi ən yaxşı mövqe üçüncülük olacaq. Bu isə nə mundiala, nə də pley-offa vəsiqə verir.

 

Görüş yığmamız üçün heç bir əhəmiyyət kəsb etməsə də, qalib gəlməyə borcludu. Bu borcu əsaslandıran bir sıra səbəblər var.

 

Millimiz tsikldəki son ev görüşündə qələbə qazanmalıdı. Bu, qarşısında oynayacağı doğma publikaya sevinc bəxş etmək baxımından zəruridi. Digər tərəfdən San-Marino üzərində 5:1 hesablı qələbənin ani uğur olmamağı, rəqibin zəifliyindən irəli gəlmədiyinin təsdiqi üçün daha güclü Çexiyadan 3 xal alınmalıdı.

 

Qələbə həm də ona görə vacibdi ki, tsiklin son oyununda Almaniyanın qonağı olacağıq. Səfərdən xalla dönmək inandırıcı görünmədiyindən son qazancı bu matçda əldə etməliyik. Tsikli ardıcıl iki məğlubiyyətlə bitirməmək, Kayzerslauterndə baş verə biləcək darmadağını sığortalamaq üçün yığmamız bu dəfə qalib gəlməyə borcludu.

 

Çexiya ilə matç kapitan Rəşad Sadıqovun millidə son oyunudu. Bu üzdən “14 nömrə”ni də zəfərlə yola salmaq zəruridi. Üstəlik, baş məşqçi Robert Prosineçkinin də ürəyinin artıq yığma ilə döyünmədiyini, getmək üzrə olduğunu nəzərə alsaq, xorvatiyalının son ev sınağındakı uğur da önəmlidi.

 

Əslində, qələbə həm də turnir cədvəlində 3-cü olmaq şansı yaradacaq. Çexiya üçün əlçatmaz olacaq millimiz Almaniyada uduzsa da, yalnız Norveç bizi keçə bilər. Sonuncuları güclü Şimali İrlandiya ilə matç gözlədiyindən millimiz tarixində ilk dəfə 3-cü olmaq şansı əldə edib. Bu imkanı qaçırmamaq üçün Çexiyanı yenmək futbolçularımızın borcuna çevrilib. Çünki komandamız xal hesabında rekord vurduğu seçmə mərhələni həm də yüksək pillədə bitirə bilər.

 

İndiyədək uduzmadığımız Çexiya ilə görüşün nəticəsinin FİFA reytinqindəki mövqeyimizə təsiri üçün də futbolçularımız bütün bacarığını ortaya qoymalıdı.

 

Düzdü, UEFA-nın yeni layihəsi olan Millətlər Liqasında daha aşağı divizionda oynamaq, bununla AVRO-2020 xəyalını gerçəkləşdirmək üçün millimizə uduzmaq sərf edir. Amma üfüqdə olan ümid üçün hansısa oyunu qurban vermək də məntiqsizlikdi. Ona görə də yığmamız tsikli qələbə ilə bitirməlidi. Əgər komandamız bunu bacarmasa, tsikli 4-cü, hətta 5-ci pillədə bitirmək təhlükəsi var.

 

Qeyd edək ki, Azərbaycan – Çexiya oyunu saat 20:00-da başlayacaq.

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

IX tur

5 oktyabr

20:00. Azərbaycan - Çexiya

Baş hakim: Benua Millot

Baş hakimin köməkçiləri: Jülien Paselli, Bertran Juanno

Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Hakim-inspektor:: Are Habix (Estoniya)

Komissar: Romano Klavedetçer (İsveçrə)

Bakı Olimpiya Stadionu

 

1

Almaniya

8

8

0

0

35-2

24

2

Şimali İrlandiya

8

6

1

1

16-2

19

3

Azərbaycan

8

3

1

4

8-12

10

4

Çexiya

8

2

3

3

10-9

9

5

Norveç

8

2

1

5

8-16

7

6

San-Marino

8

0

0

8

2-38

0