[b]Milliləşən legionerlər üçün yubiley[/b]
09.12.2015 - 12:20
[b]Milliləşən legionerlər üçün yubiley[/b]

Avropa Liqasının VI turunun sabah keçiriləcək qarşılaşmaları Azərbaycan klublarının bəzi futbolçuları üçün yubiley xarakteri daşıyacaq. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin “Krasnodar”la ev oyunu Arif Daşdəmirovun avrokuboklarda 30-cu matçı olacaq.

 

“Qarabağ”ın “Anderlext”lə Belçikadakı görüşü isə Bədavi Hüseynovun 25-ci belə oyunudu. Azərbaycan yığmasının milliləşən legionerləri bu göstəriciyə fərqli yolla çatıb. Belə ki, Bədavi bütün oyunları eyni klubda keçiribsə, Arif komanda sayında xeyli öndədi.

 

Bütün avrokubok qarşılaşmalarında “Qarabağ”ın formasını geyinən rusiyalı müdafiəçi qitə miqyaslı klub turnirlərində 2 il əvvəl debüt edib. Hüseynov 2013-cü il iyulun 25-də “Pyast”la Polşadakı qarşılaşmada (2:2) meydana çıxıb. Onun indiyə qədərki 24 oyunundan 8-ni Çempionlar Liqası, 16-sı Avropa Liqası çərçivəsindədi.

 

24 yaşlı Bədavidən fərqli, Arif avrokuboklarda xeyli əvvəl debüt edib. 2006-cı il iyunun 17-də “MKT-Araz”ın “Tiraspol”la (Moldova) ev oyunu (1:0) Daşdəmirov üçün ilk olub. İmişli təmsilçisində 2, “İnter”də 12, “Olimpik-Şüvəlan”da 2, “Qəbələ”də 13 belə qarşılaşma keçirən müdafiəçinin hesabında cəmi 1 qol var. Bu da “İnter”in formasını geyindiyi vaxta təsadüf edib.

 

Daşdəmirov Çempionlar Liqası və İntertoto kubokunun hərəsində 2, Avropa Liqasında 25 matçda iştirak edib. Yeganə qolunu da indi də çıxış etdiyi yarışda vurub.