Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, 2016-cı ildə ilk matçına çıxacaq yığmamız Qazaxıstan millisi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Bu, millimizin tarixində 220-ci qarşılaşma olacaq. İlk görüşünü 1992-ci ilin sentyabrın 17-də rəqib meydanında Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız 24 il ərzində 219 matçda meydana çıxıb. Yığmamız indiyədək 40 qələbə qazanıb, 59 dəfə heç-heçə ilə kifayətlənib və 120 dəfə yenilib.
Komandamız qalib gəlsə və ya heç-heçəylə kifayətlənsə, məğlubiyyətsiz oyunların ümumi sayını 100-ə çatdıracaq. Bu matçlarda 156 dəfə rəqib qapısına yol tapan komandamız rəqiblərinin 374 dəfə fərqlənməsinə şahid olub.
Komandamız yoldaşlıq oyunları və təxminən eyni statusa malik beynəlxalq turnirlər çərçivəsində ümumilikdə 112-ci sınağına çıxacaq. Belə görüşlərdə 30 dəfə qalib gələn millimiz 37 dəfə bərabərliklə kifayətlənib. 44 məğlubiyyət alan yığmamız 101 qol vurub. Futbolçularımız bu matçlarda 142 top buraxıb.
Bu matç xorvatiyalı baş məşqçi Robert Prosineçkinin millimizdə 9-cu sınağı olacaq. Ötən il 8 qarşılaşmada yığmamıza rəhbərlik edən balkanlı mütəxəssis 2 qələbə və 3 heç-heçəyə sevinibsə, 3 dəfə məğlubiyyət acısı yaşayıb. Top fərqində də yetirmələri geridədi – 8:12. Antalyadakı sınaq xorvatiyalının 3-cü yoxlama oyunudu. Serbiyaya 1:4 uduzub, Moldovanı 2:1 yenən yığmamız ardıcıl 2-ci dəfə qalib gəlməyə çalışacaq.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu martın 26-da Türkiyənin Antalya şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.