Gələn ay açıqlanacaq FİFA reytinqində bir sıra dəyişikliklər olacaq. Apasport.az saytının məlumatına görə, artıq indidən bütün yığmaları gözləyən yerdəyişmələr bəllidi.
Bütün bu dəyişikliklərə əsas səbəb KONKAKAF çempionatı, həmçinin Afrika və Asiyadakı yoxlama oyunlarıdı. Bir sözlə, hər komanda üçün maksimum və minimum nəticələr bəllidi. Hazırda 80-ci pillədə qərarlaşan Azərbaycan yığmasının da mövqeyi dəyişikliyə uğraya bilər.
Düzdü, Robert Prosineçkinin yetirmələri növbəti reytinq siyahısının açıqlanacağı tarixə - avqustun 10-dək heç bir matça çıxmayacaq. Bu üzdən komandamızın hesabındakı xal da dəyişməz qalacaq. Millimiz 427 xalla təxminən indiki mövqeyinin ətrafında qərarıaşacaq.
Amma digər komandaların xal hesabının dəyişməsi yığmamızdan yan ötməyəcək. Milli həm irəliləyə, həm də geriləyə bilər.
Ən yaxşı nəticə isə 77-ci pilləyə qalxmaqdı. Digər komandaların bizim üçün münasib nəticələri maksimum 3 pillə yüksəlməyə imkan verəcək. Prosineçkinin yetirmələri 2 pillə geriləmək təhlükəsi ilə də üz-üzədi. Komandamız 77-82-ci yerlər arasında qərarlaşacağı dəqiqdi.