Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi millimiz üçün revanş imkanıdı. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri A qrupundakı rəqiblər Portuqaliya, Belçika və Şotlandiyadan əvvəlki məğlubiyyətlərin qisasını almalıdı.
Yığmamız indiyədək U-17-lərin Avropa çempionatlarında hər üç rəqiblə dəfələrlə qarşılaşıb. Belçikalılarla daha çox 3 dəfə qarşılaşsaq da, onlardan xal ala bilməmişik. 2001/02 mövsümünün elit-raundunda Yaşar Vahabzadənin, 2011/12 mövsümünün seçmə mərhələsində Təbriz Həsənovun yetirmələri 0:1 hesabı ilə uduzub. Yenə millinin “sükanı arxasında” olan Həsənov 5 il əvvəlki yenilgini yəqin ki, unutmayıb və revanş arzusundadı. 2014/15 mövsümündə isə seçmə mərhələyə Mirbağır İsayevin başçılığı ilə yollanan komandamız Belçika ilə matça çıxmağına peşman olmuşdu – 0:3.
Portuqaliya ilə görüşlərdə də eyni mənzərə qeydə alınıb: quru hesablı məğlubiyyətlər, bir darmadağın, buraxılan 5 top və qol həsrəti. Lakin pireneylilərlə 2 dəfə qarşılaşmışıq. 2010/11 mövsümündə Adil Şükürovun yetirmələri seçmə mərhələdə 0:2 hesabına üzülüb. 2014/15 mövsümünün elit-raundunda isə Mirbağır İsayevin yetirmələri darmadağın acısı yaşayıb – 0:3.
İndiki rəqiblərə əvvəlki matçlarda vurduğumuz yeganə qol Şotlandiya ilə duelə təsadüf edib. 2002/03 mövsümündə Bakıda keçirilən seçmə mərhələni adlayan İslam Kərimovun komandası britaniyalılara 1:2 hesabı ilə uduzmuşdu. 2004/05 mövsümündə isə elit-raundda Şakir Qəribovun komandası darmadağına üzüldü – 0:3.
Beləliklə, 3 rəqiblə əvvəlki 7 oyunun hamısında uduzan millimiz cəmi 1 qol vurub, 15-ni buraxıb. Şotlandiya, Portuqaliya və Belçika yığmalarının hərəsi 1 böyükhesablı qələbə və 5 qolun sevincini yaşayıb.