Topaz Premyer Liqasının IX turunda “Kəpəz”lə qolsuz bərabərə qalan “İnter” 2 xalla yanaşı, aparıcı futbolçularından birini itirib. Apasport.az saytının məlumatına görə, hücumçu Rauf Əliyev Gəncədəki qarşılaşmanın ilk hissəsində zədələnib.
Bu üzdən baş məşqçi Zaur Svanadze fasilədən sonra onu Pərdis Fərcad-Azadla əvəzləyib. İlkin ehtimala görə, əzələsində problem yaşayan Raufun zədəsi elə də ciddi deyil. Ancaq futbolçu hər ehtimala qarşı bu gün MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçəcək. Klubun həkimləri yalnız bundan sonra milli üzvünün zədəsinin durumu ilə bağlı konkret nəsə deyə biləcəklər.
Qeyd edək ki, “İnter”in yarımmüdafiəçiləri Samir Zərgərov və Mirsahib Abbasov da hazırda zədədən əziyyət çəkirlər. “Kəpəz”lə qarşılaşmanı buraxan adıçəkilən futbolçular hazırda fərdi məşq etməklə kifayətlənirlər.