[b]Millimizin məğlubiyyətinin canlı şahidi, Yunuszadə və Nazarovu cəzalandıran hakim[/b]
21.11.2016 - 14:14
[b]Millimizin məğlubiyyətinin canlı şahidi, Yunuszadə və Nazarovu cəzalandıran hakim[/b]

Avropa Liqasının qrup mərhələsinin “Qəbələ” – “Anderlext” oyununu idarə edəcək Yevgeni Aranovski Azərbaycana tanış hakimdi. Apasport.az saytının məlumatına görə, ukraynalı ədalət qoruyucusu ikinci dəfə təmsilçimizin beynəlxalq görüşünü idarə edəcək.

 

Aranovski Avro-2016-nın seçmə mərhələsi çərçivəsində, 2 il öncə noyabrın 16-da keçirilmiş Azərbaycan – Norveç matçını idarə edib. Mahmud Qurbanovun rəhbərliyi altında meydana çıxan millimiz həmin görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Aranovski bu oyunda ümumilikdə 5 dəfə sarı vərəqəyə əl atıb ki, bunlardan ikisi yığmamızın üzvləri – Elvin Yunuszadə və Dmitri Nazarova göstərilib.

 

40 yaşlı hakim 2011-ci ildən FİFA referisi adını daşıyır. “Qəbələ” – “Anderlext” qarşılaşması onun karyerası ərzində idarə edəcəyi 39-cu beynəlxalq görüş, cari mövsümdə Avroliqanın qrup mərhələsində isə 3-cü oyun olacaq.

 

Belə ki, referi buna qədər “Styaua” – “Vilyareal” və “Zalsburq” – “Nitsa” matçlarına da təyinat alıb. Cari mövsümdə Çempionlar Liqasında isə III təsnifat mərhələsinin BATE – “Dandalk” görüşündə ədaləti qoruyub.

 

Qeyd edək ki, noyabrın 24-də keçiriləcək “Qəbələ” – “Anderlext” matçı saat 20:00-da start götürəcək.