ABŞ-ın Ayova şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokunun startı ərəfəsində komanda nümayəndələrinin və yarışı idarə edəcək hakimlərin seminarı keçirilib. Apasport.az saytının məlumatına görə, Dünya Güləş Birliyinin texniki nümayəndələri ABŞ Güləş Federasiyasının vitse-prezidenti Stan Dziedzic və Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qama Filyo, yarışın hakim-instruktorları İbrahim Cicioğlu (Türkiyə) və Zaç Errettin (ABŞ) rəhbərliyi ilə keçirilən seminarda əvvəlcə güləş qaydalarına edilən son dəyişikliklər barədə məlumat verilib.
Komanda nümayəndələrindən və hakimlərdən yeni qaydalara qarşı daha diqqətli olmaq və DGB-nin yarış qaydalarına riayət etmək tövsiyə edilib.
Ardınca yarışın təşkilati məsələləri müzakirə edilib, komanda nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Komanda nümayəndələrinin seminarında AGF 1-ci vitse-prezidenti, sərbəst güləş yığmasının baş məşqçisi Firdovsi Umudov, baş katib Orxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Qurbanov, hakimlərin seminarında isə, beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edib.
Qeyd edək ki, Dünya Kuboku yarışları 7-8 aprel tarixlərində ABŞ-ın Ayova şəhərində keçiriləcək. Azərbaycan yığma komandası qrup görüşləri çərçivəsində Kuba, Qazaxıstan və Monqolustan komandaları ilə mübarizə aparacaq.
Mənbə: awf-az.org