“Legioner həyatı yaşamağı, əlbəttə ki, istərdim. Milliyə yeni çağırıldığım vaxtdan demişəm ki, hədəfim ölkə xaricinə çıxmaqdı”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə yığmamızın qapıçısı Rövşən Hüseynli deyib.
Naxçıvanın “Araz” klubunun üzvünün adı son vaxtlar xarici klublarla birgə hallanmaqdadı. Ötən ay Serbiyada keçirilmiş Avropa çempionatında özünü göstərməyi bacaran Hüseynli legioner həyatı yaşamağa müsbət baxır.
Əməkdaşımızla söhbətində o, indiki məqamda təklif almadığını bildirib: “Konkret hansısa klubdan təklif yoxdu. Ancaq maraq var. Oyunlarımı diqqətdə saxlayırlar. Adətən belə təkliflər olanda rəhbərlik, komandada seleksioner işləri ilə məşğul olanlar birinci bilir. Hələ ki, mənə təklifin olması ilə bağlı məlumat verilməyib. Adımın müxtəlif klublarla birgə hallandırıldığını bilirəm. Ancaq indiki məqamda təklif yoxdu. Olsa, dəyərləndirə bilərəm. Çünki əsas məqsədim Avropaya çıxmaq və orda Azərbaycanı təmsil etməkdi. Bu həm mənim, həm də ölkə futzalının uğuru olar”.