Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil yeni müqaviləyə qol çəkib. Apasport.az saytının məlumatına görə, DÇ-2018-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Britaniya təmsilçisi 47 yaşlı çalışdırıcının sözləşməsinin müddətini uzadıb.
Razılaşmaya əsasən, O`Nil 2020-ci ilə qədər Şimali İrlandiya yığmasını çalışdıracaq. 2012-ci ildən bu postu tutan məşqçi komandasına yayda Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıra bilib. Məhz bu məqam federasiya rəhbərliyini O`Nillə yeni sözləşmə bağlamağa vadar edib.
Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində C qrupunda yer alan şimali irlandiyalılar yığmamızla yanaşı, Almaniya, Çexiya, Norveç və San-Marino komandaları ilə qarşılaşacaqlar. Millimizin Şimali İrlandiya ilə ilk oyunu bu il, noyabrın 11-də Belfastda, növbəti görüşü isə 2017-ci il, iyunun 10-da Bakıda keçiriləcək.