DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının məşqçilər korpusunda dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Bundestimin rəhbərliyində yeni sima peyda olub.
Bu, yığmanın sabiq futbolçusu Miroslav Klozedi. Baş məşqçi Yoahim Lövün Almaniya Futbol İttifaqı ilə müqaviləni uzatmasından sonra 38 yaşlı veteranın da komandada çalışacağı üzə çıxıb.
Lakin bu ilin yayından klubsuz qalan Kloze ilə müqavilə imzalanmayıb. Buna səbəb onun məşqçi lisenziyasının olmamasıdı. O, lisenziyanı alanadək təcrübəçi kimi millinin düşərgəsində yer alacaq.
Klozenin hələlik 4 matçlıq yığmada olacağı dəqiqləşib. O, bu ayın 11-də San-Marino ilə seçmə, 15-də İtaliya ilə yoxlama matçlarında, həmçinin gələn il martın 22-də İngiltərə ilə yoldaşlıq, 26-da millimizlə Bakıdakı matçlarda Lövün komandasında yer alacaq.
Qeyd edək ki, 2001-2014-cü illərdə Almaniya millisində 137 matça 71 qol vuran Kloze 16 topıa DÇ-lərin ən məhsuldar oyunçusudu. DÇ-2014-ün qalibi olan futbolçunun son klubu “Latsio” olub. Mundiallarda 4 medal qazanan yeganə oyunçu kimi də tarixə düşən almaniyalı Bundestim tarixində ən çox qol vurub.