Heyətində ciddi islahatlar aparan “Sumqayıt” daha bir futbolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi müdafiəçi Rasim Ramaldanovu komandada saxlaya bilməyib.
Bu xəbəri əməkdaşımızla söhbətində millimizin sabiq üzvü özü də təsdiqləyib. 30 yaşlı müdafiəçi başa çatan müqavilə müddətini uzatmamağının səbəbini belə izah edib: “Hələ ötən mövsümün sonlarına yaxın “Sumqayıt” rəhbərliyi yeni müqavilə təklif etmişdi. Klubla danışığımız müsbət nəticələnmədi. Bir sözlə, ortaq məxrəcə gələ bilmədik. Hazırda istirahət edirəm. Karyeramı hansı komandada davam etdirəcəyimi hələ bilmirəm”.
Ramaldanov yay fasiləsində “Sumqayıt”ı tərk edən 12-ci futbolçu olub. Ona qədər Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Tofiq Mikayılov, Emin Mehdiyev, Uğur Pamuk, Cəmil Hacıyev, Tural Abbaszadə, Aleksandr Çertoqanov və Murad Ağayev yola salınmışdı.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə, Vurğun Hüseynov, Amil Yunanov, Amit Quluzadə, Tərlan Əhmədli və Mikayıl Rəhimovla yeni müqavilə bağlayan “kimyaçılar” hələlik yalnız “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevi heyətə cəlb ediblər.