[b]Milliyə layiq olmayanlar və ya Prosineçkinin “sevimli”ləri[/b]
05.10.2017 - 11:24
[b]Milliyə layiq olmayanlar və ya Prosineçkinin “sevimli”ləri[/b]

Şimali İrlandiya ilə səfər matçından sonra işə münasibəti dəyişən, sanki postunda candərdi qalan Robert Prosineçki son vaxtlar heyət seçimi zamanı da hər kəsi təəccübləndirir. Onun dünya çempionatının seçmə mərhələsində Çexiya ilə bu gün keçiriləcək oyuna açıqladığı “11-lik” yenə ciddi müzakirə mövzusuna çevrildi.

 

Təbii ki, xorvatiyalı bu dəfə də təxminləri yanıltdı. Start heyətinə 6 milliləşən futbolçu cəlb edən baş məşqçinin seçimi heç də alqışlanası deyil. Doğrudu, Çexiya ilə görüş hələ keçirilməyib və axşam millimiz bu heyətlə qələbə də qazana bilər. Ancaq indiki duruma görə, yanlış hesab elədiyimiz bəzi məqamları vurğulamaya bilmirik. Millimizin qarşılaşma üçün açıqlanan heyəti ilə bağlı düşüncələrimizi sizinlə də bölüşmək istədik.

 

Artıq normal futbol oynamağı, çərçivədə durmağı unudan Kamran Ağayev milliyə gələndə, ona xilaskar gözü ilə baxılır. Bəli, Kamran son illər Azərbaycanın ən güclü qapıçısıdı. Ancaq bu, formada olmayanda da qapıda durmağına əsas verməməlidi. Kamran hətta aylarla klubsuz qaldığı vaxtlarda belə, yığmanın əvəzedilməzi olur. Yeni klubu “Mlada Boleslav”da “Boavişta”dakı Kamrandan daha zəif görünür. Baş məşqçisi Çexiya çempionatında sonuncu dəfə ona avqustun 27-də şans verib, buna da peşman olub. 14-cü pillədə yer alan komandanın o vaxtdan bəri ehtiyat qapıçısına çevrilən Ağayev yalnız ölkə kubokunda aşağı liqa təmsilçisi “Pribam”la matçda meydana çıxıb.

 

Prosineçki dərk etməlidi ki, milli komanda klublara futbolçu hazırlanan, oyun praktikası az olanlara kömək edilən yer deyil. Burda kimliyindən asılı olmayaraq, hazır oyunçular meydana çıxmalıdı. Klubları əlcək kimi dəyişən, xasiyyətinə görə futbolçu kimi get-gedə zəifləyən və üstəlik, 30 yaşı haqlayan birində hansı vazkeçilməz özəllik var axı? “Zirə”də yüksək səviyyədə çıxış edən Anar Nəzirov bu gün də çərçivəyə layiq bilinməyəcəksə, bəs niyə dəvət alır: “23-lüy”ü doldurmaq üçün? Deyə bilərsiniz ki, Anar Kamrandan da yaşlıdı. Axı Səlahət Ağayev də ən yaxşı vaxtında Kamranın əvəzləyicisi olub. Burdan belə qənaətə gəlmək olar ki, Ağayev klubunda aylarla futbol oynamasa belə, karyerasını bitirənə qədər heç bir qapıçı yığma barədə düşünməməlidi.

 

Gələk müdafiə xəttinə. Zədə ucbatından millidən kənarda qalan Maksim Medvedevi Məhəmməd Mirzəbəyovun əvəz etməsi normaldı? “Neftçi”də əlacsızlıqdan meydana buraxılan, nə oynadığını heç özü də bilməyən birinin yığmada nə işi var? Üstəlik, milliləşdirilən və komandanın ən zəif bəndi olan biri... Yəni Azərbaycanda Mirzəbəyov səviyyəsində də müdafiəçi yoxdu? Əlbəttə ki, var: son vaxtlar əla formada olan, bunu millidəki debüt görüşündəcə sübut edən Təmkin Xəlilzadə. Pavel Paşayevi sağa çəkib, Təmkini solda oynatmaq ən məntiqli seçim olardı. Amma Prosineçki bəzi oyunçular kimi, Mirzəbəyovdan da əl çəkmək istəmir.

 

Xorvatiyalının yarımmüdafiə xətti ilə bağlı seçimi isə, ümumiyyətlə, başadüşülən deyil. Qara Qarayevin ehtiyatda qalmasına ikitərəfli yanaşmaq lazımdı. Son vaxtlar formada olmadığı üçün bu seçiminə görə baş məşqçiyə haqq qazandırmaq olar. Ancaq unutmayaq ki, Qaranın böyük komandalara qarşı oyun, yüksək tempə ayaq uydurma təcrübəsi Rahiddən çoxdu. Amma formada olmadığı üçün onu ehtiyatda saxlayırsansa, o zaman Əfran İsmayılovla Ruslan Qurbanovun əsas heyətdə nə işləri var? “Qəbələ”də 5 matçda 450 dəqiqənin yarısında meydanda olan, klubunda əsas heyətə düşə bilməyən və rəqib qapısının yolunu unudan Qurbanov indiki durumda heç “23-lüy”ə layiq deyil. İsmayılov isə sonuncu dəfə avqustda meydan üzü görüb və hazırda “Qarabağ”da öz mövqeyinin heç ikincisi deyil. Məgər Əfran uğurlu mövsüm keçirən komanda yoldaşı Mahir Mədətovdan daha hazırlıqlıdı? Hətta Namiq Ələsgərova da şans vermək olardı. O şərtlə ki, Mədətov hücumda yer alsın.

 

Ramil Şeydayevin olmamağını bu dəfə doğru seçim kimi qələmə vermək olar. Amma onun yerinə Ruslan Qurbanovun oynaması bir o qədər yanlışdı. Axı əlinin altında oynamaq üçün alışıb-yanan Renat Dadaşov var. Əgər AÇ-2020 ilə bağlı qarşıya ciddi hədəf qoyulubsa, indidən bəzi gəncləri ora hazırlamaq lazımdı. Əks təqdirdə, onsuz da, tək-tük sayda yetişən həmin cavanları da küsdürəcəyik.