[b]Ağasəlim Mircavadov “Neftçi”yə şans vermədi: Oyununu dəyişməlidi[/b]
02.03.2016 - 12:23
[b]Ağasəlim Mircavadov “Neftçi”yə şans vermədi: Oyununu dəyişməlidi[/b]

“Neftçi”nin durumu ürəkaçan deyil. Amma kubokda vəziyyət başqa cür olur”. Bu sözləri apasport.az saytına tanınmış məşqçi Ağasəlim Mircavadov deyib.

 

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Günün ilk matçında Mircavadovun sabiq komandaları “Xəzər Lənkəran”la “Neftçi” üz-üzə gələcək.

 

68 yaşlı mütəxəssisin fikrincə, “Neftçi” üçün Avrokuboka yollanmağın yeganə yolu ölkə kubokunu qazanmaqdı: “Neftçi” elə komandadı ki, hər il bir uğur qazanmalıdı. Ya çempion olmalı, ya da kuboku götürməlidi. Artıq onlar üçün nəinki Premyer Liqa çempionluğundan, heç medallardan da söhbət gedə bilməz. Çünki göstərilən oyun belə deməyə əsas verir. Medal qazanmaq üçün bundan sonrakı bütün oyunlarda qələbə qazanmalı, öz oyununu dəyişməlidi. Bu isə hazırkı məqamda inandırıcı görünmür. Oyun olarsa, nəticə özü gələcək. “Xəzər Lənkəran”ın isə motivasiyası daha yaxşıdı. Hər oyunda istəkli çıxış edirlər. Ola bilsin ki, “Xəzər Lənkəran” turnir cədvəlində adına layiq yerdə deyil. Həmişə iddialı klub olub, çempionluq uğrunda mübarizə aparıb, böyük azarkeş dəstəyinə malikdi. İmicinə zərbə ola bilər. Ancaq əvəzində gənc oyunçuları qazanacaq və onlarla da gələcəkdə böyük işlər görə bilər. Təbii ki, heyət və güc baxımından “Neftçi” rəqibindən üstündü. Amma futbolda istək, ürəyini ortaya qoymaq böyük rol oynayır”.

 

Mircavadov “Rəvan” – “İnter” cütlüyündə ikinciləri favorit qismində görür: “Rəvan”ın vəziyyəti gərgindi. Mən deyərdim ki, bu komanda bəzi matçlarda rəqibinə oyun baxımından uduzmur. Hardasa futbolçularının fərdi səhvinə görə məğlub olurlar. “İnter”ə gəldikdə, bu komandanın maliyyə durumu artıq sabitdi. Yaxşı heyətə malikdilər. Çempionatın ötən turunda “Qarabağ”ı az qala məğlub edəcəkdilər. Düzdü, qış fasiləsindən sonra stabil nəticələr göstərmirlər. Amma istənilən halda, cütün favoriti “İnter”di”.

 

“Sumqayıt”ın qeyri-stabil oyun sərgilədiyini vurğulayan milli komandamızın sabiq çalışdırıcısı, bununla belə, “Qarabağ”ın bu rəqiblə oyunlarda çətinlik çəkəcəyini söyləyib: “Sumqayıt” stabil oyun göstərmir. Bir oyun yaxşı çıxış edir, bir oyun zəif. Bunun səbəbini də məşqçilər heyəti yaxşı bilər. Halbuki “Sumqayıt”ın oyunçuları daha çox şeyə qadirdilər. Onlarda hələ alınmır. Bununla belə, kubok oyununda başqa cür çıxış edə bilərlər. Baxmayaraq ki, “Qarabağ” çempionatın lideridi. Ağdam klubunun baxımlı oyunu və stabil heyəti var. Amma inanmıram ki, onlar bu cütlüyün taleyini ilk görüşdə həll edə bilsinlər”.

 

Ağasəlim Mircavadov sonda “Zirə” – “Qəbələ” cütlüyünü də dəyərləndirib. O, “Zirə”ni mövsümün sürpriz komandası adlandırıb: “Bu komandanın öz oyun dəst-xətti var. Futbolçular meydanda nə etmək lazım olduğunu yaxşı bilirlər. Bunun sayəsində də qələbələri sıralayırlar. “Qəbələ”yə gəlincə, samballı əcnəbi futbolçulara, yaxşı heyətə malik komandadı. Ancaq qış fasiləsindən sonra ağır oynayırlar. Hər iki komanda yaxşı bilir ki, Avroliqaya kubok yolu ilə daha tez vəsiqə qazana bilər. Bu səbəbdən də bu iki komandanın oyunlarının gərgin keçəcəyini düşünürəm”.

 

Qeyd edək ki, bu gün “Xəzər Lənkəran” – “Neftçi”, “Rəvan” – “İnter”, “Qarabağ” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” oyunları keçiriləcək.

 

Ruslan SADIQOV