[b]50-ci...[/b]
07.10.2016 - 16:27
[b]50-ci...[/b]

Azərbaycan millisi sabah - oktyabrın 8-də növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində ilk ev qarşılaşmasına çıxacaq yığmamız Norveçlə üz-üzə gələcək. Bu, millimizin tarixində 225-ci matç olacaq.

 

Belə ki, ilk matçını 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız 24 il ərzində 224 oyunda meydana çıxıb. Komandamız indiyədək 41 qələbə qazanıb, 61 dəfə heç-heçə edib.

 

Hesabında 122 məğlubiyyət olan millimiz bu matçlarda 159 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 380 qoluna məyus olub.

 

Komandamız seçmə mərhələlərdə 110-cu sınağına çıxacaq. 12-ci tsikldə mübarizə aparan milli indiyədək 11 qələbə qazanıb, 22 heç-heçə edib. 76 dəfə uduzan yığmamız indiyədək 56 qol vurub. Rəqiblərimiz isə 232 dəfə qol sevinci yaşayıblar.

 

Dünya çempionatına vəsiqə uğrunda mübarizə aparan komandamız bu turnirin seçmə mərhələlərində yubiley – 50-ci görüşünə çıxacaq. İndiyədək 49 belə matça çıxan yığmamız indiyədək 5 qələbə qazanıb, yığma 13 heç-heçəyə sevinib. 31 məğlubiyyət acısı yaşayan futbolçularımız 20 qol vurub, 85-ni buraxıb.

 

Bakı Olimpiya Stadionundakı matç xorvatiyalı baş məşqçi Robert Prosineçkinin millimizdə 14-cü sınağı olacaq. Ötən il 8, bu il 5 qarşılaşmada yığmamıza rəhbərlik edən mütəxəssis 3 qələbə və 5 heç-heçəyə sevinibsə, 5 dəfə məğlubiyyət acısı yaşayıb. Top fərqində də yetirmələri onu daha çox məyus edib – 11:17.

 

Ev sınağı xorvatiyalının 8-ci seçmə oyunudu. Əvvəlki 7 matçda 2 qələbə və 3 heç-heçəsi olan komandamız 2 dəfə uduzub. Həmin görüşlərdə 6 qol vuran futbolçularımız 7-ni buraxıblar.

 

0