Yunanıstanın İdman naziri yerli futbol federasiyasına ölkədaxili bütün futbol turnirlərinin dayandırılmasını və qeyri-müəyyən müddətə təxirə salınmasını təklif edib. Apasport.az saytının “Reuters”ə istinadən məlumatına görə, buna səbəb ölkə kubokunun yarımfinal ilk matçı PAOK – “Olimpiakos” qarşılaşmasında baş verən olaylardı.
Belə ki, görüşdə hesab 2:1 qonaqların xeyrinə olarkən, 86-cı dəqiqədə hakim onların qapısına penalti təyin etməyib və üstəlik PAOK-un yarımmüdafiəçisini meydandan qovub. Bundan qeyzlənən yerli fanatlar sahəyə petardalar atıblar. Daha sonra isə polislə tərəfdarlar arasında kütləvi dava baş verib.
Oyundan sonra meydan sahiblərinin prezidenti İvan Saviddi azarkeşlərin hərəkətləri üçün üzr istəyib, ancaq yerli futbol federasiyasının prezidentini də istefa verməyə çağırıb.
Qeyd edək ki, cavab oyunu aprelin 6-na nəzərdə tutulub. Afinalılar bu qarşılaşmada ədaləti əcnəbi hakimin qorumasını istəyir.