[b]Nelson Bonilla “Kəpəz”lə oyunu buraxacaq?[/b]
22.03.2016 - 13:34
[b]Nelson Bonilla “Kəpəz”lə oyunu buraxacaq?[/b]

Topaz Premyer Liqasının XXVI turunda AZAL-a (4:2) qalib gələn “Zirə”də futbolçulara 2 günlük istirahət verilmişdi. Klubdan apasport.az saytına verilən məlumata görə, komanda sabah yenidən bir araya gələcək.

 

İstirahət qısamüddətli olduğundan, əcnəbi futbolçular ölkələrinə getməyiblər. Lakin baş məşqçi Adil Şükürov “Kəpəz”lə qarşılaşmanın hazırlığını tam heyətlə keçə bilməyəcək. Çünki Elvin Məmmədov Azərbaycan, Nelson Bonilla Salvador millisinə çağırılıb. Bundan başqa, daha 3 oyunçu - Adil Nağıyev, Sadiq Quliyev və Vüqar Mustafayev də gənclərdən ibarət yığmamızın düşərgəsindədilər.

 

Adıçəkilən futbolçular arasında kluba ən gec Bonilla qoşulacaq. Belə ki, o, yalnız martın 29-da Bakıya qayıdacaq. Ertəsi gün isə debütant “Kəpəz”lə üz-üzə gələcəyindən, məşqçilər korpusu forvardın yorğun ola biləcəyindən narahatdı.

 

Heyətdə cəmi 1 zədəli futbolçu var ki, o da braziliyalı Dieqo Souzadı. Ancaq “sambaçı”nın da durumu, demək olar ki, düzəlib. Souzanın ayağında zəiflik olduğundan, o, fitnessdə gücləndirici məşqlər keçib. Artıq sabahdan etibarən yarımmüdafiəçi də kollektivlə birgə məşqlərdə iştirak edə biləcək.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının XXVII turu çərçivəsində “Kəpəz” – “Zirə” matçının martın 30-da keçirilməsi nəzərdə tutulur.

 

Rəvan ƏKBƏR