“Hondurasla ilk oyunda da rəqibdən üstün idik. Lakin sonda rəqib bizdən 2 xal aldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının bombardiri Nelson Bonilla deyib.
Hazırda Salvador millisinin düşərgəsində olan “Zirə”nin hücumçusu yığmasının DÇ-2018-in seçmə mərhələsinin Hondurasla oyunları haqda fikirlərini açıqlayıb. Vətənində verdiyi açıqlamada Nelson martın 29-da səfərdə baş tutacaq qarşılaşma haqda iddialı danışıb: “Sabah ikinci dəfə üz-üzə gələcəyik. Biz səfər matçında qalib gəlməliyik. Təbii ki, bu görüşdə bizim üçün daha çətin olacaq. Çünki meydan sahiblərinin müqavimətini qırmaq lazımdı. Əlbəttə, Honduras yığması qrupda sonuncu pillədə qərarlaşdığı üçün onlara xal daha çox vacibdi. Bu üzdən onlar irəli atılmağa, qələbə qazanmağa çalışacaq. Amma biz bilirik ki, daha güclüyük və 3 xal qazana bilərik. Rəqibin heyətinə nəzər salsaq, orada Avropanın Çempionlar Liqası və aparıcı ölkələrində çıxış edən futbolçular var. Ancaq Honduras yığması çətin günlərini yaşayır və bundan yararlanmalıyıq”.
Martın 25-də keçirilən ev oyununun (2:2) sonlarında Hondurasa vurduğu qolla komandasını məğlubiyyətdən xilas edən Bonilla hakimlikdən və hesabdan narazı qalıb: “İlk oyunda hesab heç də oyuna görə olmadı. Uğursuzluğumuzda hakim səhvləri də rol oynadı. Onun xətaları üzündən üzləşə biləcəyimiz məğlubiyyətdən də vurduğum qolla xilas olduq. 2:2 hesablı heç-heçə ədalətsizlik idi”.