[b]Nikolas Kanales niyə oynamır?[/b]
26.02.2016 - 16:41
[b]Nikolas Kanales niyə oynamır?[/b]

Topaz Premyer Liqasının XXIII turunda “Zirə”nin qonağı olacaq “Neftçi” oyunun hazırlıqlarını başa vurub. Klubdan apasport.az saytına verilən məlumata görə, bir neçə futbolçu səfər matçında komandaya kömək edə bilməyəcək.

 

Müdafiəçi Məqsəd İsayev, yarımmüdafiəçi Kamran Nəcəfzadə və hücumçu Məhəmməd Qurbanov hazırda zədədən əziyyət çəkirlər. Onların “Zirə” ilə görüşü buraxacağı dəqiqdi.

 

Fevralın 12-də yenidən “Neftçi”yə qayıdan Nikolas Kanalesin durumu isə hələ də məşqçilər korpusunun ürəyincə deyil. “Krılya Sovetov”dan ayrıldıqdan sonra bir müddət klubsuz qalan çilili forvardın fiziki hazırlığı qaydasında deyil. Bu səbəbdən o, “Xəzər Lənkəran” və “Qarabağ”la matçlarda iştirak etməmişdi.

 

31 yaşlı forvard iki həftə vaxt keçməsinə baxmayaraq, hələ də fərdi məşqlərlə kifayətlənir. Bugünkü məşqdə də kollektivdən ayrı çalışan Kanales çox güman ki, “Zirə” ilə matçda da dönüşünü qeyd edə bilməyəcək.

 

Qeyd edək ki, sabah keçiriləcək “Zirə” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.