“Nizami Hacıyevlə bağlı sualları tez-tez eşidirik. Prosineçki özü onu tanıyır və oyununa bələddi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov deyib.
Yaxşı formada olduğu və “İnter” üçün vacib qollar vurduğu bir məqamda zədələnməsi Nizami Hacıyevin milliyə qayıtmaq arzusunu ürəyində qoydu. Lakin 28 yaşlı futbolçunun zədələnməsəydi belə, yığmaya çağırılıb-çağırılmayacağı qaranlıq qalırdı.
Bununla bağlı danışan Qurbanov milliyə namizəd olan hər bir futbolçunu diqqətdə saxladıqlarını bildirib. O, “Hacıyev zədələnməsəydi, yığmanın budəfəki toplanışına çağırılacaqdımı” sualına konkret cavab verməyib: “Nizami son vaxtlar yaxşı oynayırdı, formada idi. Bunu hamımız görürdük. Amma millinin Türkiyədə baş tutacaq toplanışından öncə zədə aldı. Zədələnməsəydi, yığmaya çağırılıb-çağırılmayacağı ilə bağlı indi danışmaq doğru olmaz. Fakt odu ki, zədələndi və millinin heyəti artıq açıqlanıb”.
Bununla belə, “professor” “İnter”in kapitanının yığmanın növbəti toplanışlarına çağırılacağını istisna etməyib: “Nizaminin Prosineçkinin oyun tərzinə uyğun gəlmədiyini düşünənlər yanılırlar. Elə bir şey yoxdu, bu cür fikirlər doğru deyil. Zədəsini sağaltdıqdan sonra yaxşı oynamağa davam edərsə, Prosineçkinin onu növbəti toplanışlara çağıracağını düşünürəm”.
Qeyd edək ki, 21-27 mart aralığında Antalyada hazırlıq keçəcək yığmamız ayın 26-da Qazaxıstanla yoldaşlıq görüşü keçirəcək.
Tengiz MƏMMƏDOV