[b]Nodar Məmmədov: Ümidimiz Allaha qalıb - MÜSAHİBƏ[/b]
12.05.2016 - 00:05
[b]Nodar Məmmədov: Ümidimiz Allaha qalıb - MÜSAHİBƏ[/b]

Topaz Premyer Liqasının XXXIV turunda “İnter”ə 1:2 hesabı ilə uduzan “Xəzər Lənkəran” klubunun müdafiəçisi Nodar Məmmədov oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- “Xəzər Lənkəran” uduza-uduza mövsümü başa vurmağa hazırlaşır. Bu uğursuzluğun sonu olacaqmı?

- Düzdü, autsayderlər qrupunda yer almışıq. Amma aşağı dəstəyə düşməyi ağlımızdan keçirmirik. Qarşıda 2 tur var. Hər iki görüşdə əsas rəqiblərimizə qarşı oynayacağıq. Əlbəttə, heç kim istəməz ki, komandası meydana çıxsın və uduzsun. 90 dəqiqə bunun üçün qaçmırıq ki... “Sumqayıt” və “Rəvan”la qarşılaşmalarda bütün gücümüzü səfərbər edəcəyik.

 

- Komandanız qış fasiləsi zamanı heyətini yeniləsə də, nəticələr mənfiyə doğru dəyişdi. Səbəbini izah edə bilərsinizmi?

- Bilirsiz, komanda uduzduqca psixoloji cəhətdən “sınır”. Biz də bunu düzəltməyə çalışırıq. Sona cəmi 2 tur qalıb. Hansı ki, bu qarşılaşmalar bizim üçün finala bərabərdi. Komandanın taleyini müəyyənləşdirəcək oyunlardan biz qalib ayrılmalıyıq. Məğlubiyyət məngənəsindən qurtulmalıyıq. Əlimizdən gələni edirik, sanki qol vura bilmirik.

 

- Hər şey hücum xəttinin “dişsizliyi”ndən asılıdı?

- Günahı hücumçuların üzərinə atmaq istəməzdim. Tutaq ki, onlar qol vurmur, ən azı müdafiədə diqqətli oynasaq, qol buraxmasaq, oyun heç-heçə bitər. Belədə  1 xal qazanmaq olar. Yəni nəticələrin üzücü olmasında komanda olaraq hər birimizin günahı var. Komanda şəklində müdafiə olunmağı bacarmalıyıq.

 

- Baş məşqçi Elbrus Məmmədov sona 3 tur qalmış istefa verdi. Bu addımı çıxış yolu tapılmadığına görə atdığını düşünmək olarmı?

- Elbrus müəllim dedi ki, komandanın aşağı dəstəyə düşməsini istəmirəm. İstefam bəlkə komandadakı ab-havanı dəyişə bildi.

 

- Bəs dəyişiklik varmı?

- Üçüncü pillədə yer alan komandaya qarşı oynadıq. Qol epizodlarımız da çox oldu, vura bilmədik. 6-7 oyunda 0:1 hesabı ilə yenilmişik. Halbuki, bizim də fərqlənmək imkanlarımız oldu. Bəzən bəxtimiz də gətirmir. Bir düşüncəmiz var, geyindiyimiz komandanın formasının qarşılığını verməliyik. Bunu çox istəyirik. Ümidimiz Allaha qalıb.

 

0