DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək Norveç yığması daha bir itki ilə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Anders Konradsen sabahkı matçı buraxacaq.
Bunu Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib. Təcrübəli mütəxəssis 27 yaşlı orta sahə oyunçusunun övladının dünyaya gəldiyini söyləyib. Bu üzdən Konradsen məşqçilər korpusundan icazə alıb.
Onunla yanaşı, cəza müddəti hələ də başa çatmayan Ole Selnaes də millimizlə görüşdə iştirak etməyəcək. Ötən ilin oktyabrında yığmamızla Bakıda keçirilən qarşılaşmada hakimlərə kəskin etiraza görə 11 aylıq diskvalifikasiyaya məruz qalan Selnaes sentyabrın 4-də Almaniya ilə oyunda komandasına kömək edə biləcək.
Lars Laqerbek Selnaesdən sonra digər yarımmüdafiəçi Konradsenin də yoxluğuna baxmayaraq, düşərgəyə başqa oyunçu dəvət etmək fikrində olmadığını söyləyib.
Qeyd edək ki, sabah “Ulleval” stadionunda keçiriləcək Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.