Avropa Liqasının I təsnifat mərhələsində “Differdanj”ın qonağı olacaq “Zirə”nin cavab görüşünü slovakiyalı Boris Marhefka idarə edəcək. Apasport.az saytının məlumatına görə, hakimlik təcrübəsi böyük olmayan referinin 30 yaşı var.
Ötən ildən FİFA dərəcəsinə sahib çıxan Marhefka beynəlxalq arenada cəmi 6 görüş idarə edib. Onlardan isə yalnız 1-i avrokubok matçı olub. Belə ki, slovakiyalı ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Pünik” – “Europa” (2:1) qarşılaşmasında fit çalıb. Marhefkanın idarə etdiyi digər oyunlar U-19 və U-21-lər arasında keçirilən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutub.
Onun idarə etdiyi matçlarda adətən meydan sahibləri üstün olublar. 6 oyundan 5-də ev sahibləri qələbə qazanıblarsa, yalnız 1 dəfə qonaqlar seviniblər. Marhefka beynəlxalq arenada 22 sarı vərəqəyə əl atıb və 1 penalti göstərib.
Qeyd edək ki, “Differdanj” – “Zirə” görüşü iyulun 6-da keçiriləcək. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda təmsilçimiz 2:0 hesabı ilə qalib gəlib.