“Avropa Liqasının qrup mərhələsində hətta futbol ənənəsi olmayan ölkələrin komandaları da çıxış edirlər. Bu baxımından son illər davamlı olaraq qitənin ikinci dərəcəli klub turnirində təmsil olunan Azərbaycan futbolu haqqında hörmətlə danışa bilərik”. Apasport.az saytının məlumatına görə, bu fikirlər İtaliyanın “stadiosport.it” saytında gedən məqalədəndir.
Təmsilçimiz “Qəbələ” haqqında yazı hazırlayan mətbuat orqanı “qırmızı-qaralar”ın çıxışını paradoksal adlandırıb.
“Roman Qriqorçukun komandasının çıxışı əsl paradoksdu. Onlar öz çempionatlarında çox uğurlu oynayırlar və 11 turdan sonra 25 xalla turnir cədvəlində lider olsalar da, Avropa Liqasında xal toplaya bilməyiblər. “Maynts”, “Sent-Etyen” və “Anderlext”lə bir qrupda çıxış edən klubun artıq növbəti mərhələ şansları qalmayıb. Ancaq onların həmyerliləri olan “Qarabağ” İtaliya klubu “Fiorentina”nın da çıxış etdiyi qrupda 1/16 finala çıxmağa çox yaxındı. Avropa miqyaslı yarışlarda uğurlu çıxış etmək üçün isə islahatlara ehtiyac var”.