Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” və “Qəbələ” arasında keçiriləcək oyununu Ömər Paşayev idarə edəcək. Apasport.az saytının məlumatına görə, bu hakim mövsümün arxada qalan hissəsində hər komandanın 3 oyununa təyinat alıb.
“Qəbələ” Paşayevin idarə etdiyi oyunlarda eyni – 1:0 hesabı ilə qalib gəlib. “Sumqayıt”, “Xəzər Lənkəran” və “Rəvan”ı itkisiz keçən əyalət klubu 2016-cı ildə qazandığı bütün qələbələrini də 1:0-la əldə edib. Paşayev “qırmızı-qaralar”a 5, onların rəqiblərinə 3 vərəqə göstərib, “Qəbələ”nin lehinə 1 penalti qərarı verib.
“Neftçi” isə məhz bu hakimin idarə etdiyi qarşılaşmada “Rəvan”a 2:3 hesabı ilə uduzduqdan sonra baş məşqçi istefası ilə üzləşmişdi. Həmin vaxt Samir Əliyevi əvəzləyən Əsgər Abdullayev də indi eyni taleyi yaşaya bilər. Paşayev “Neftçi”nin “Qarabağ” üzərində qələbəsini (1:0) və “Kəpəz”lə heç-heçəsini də (1:1) qeydə alıb. Bakılılara 15, rəqiblərinə 7 vərəqə verən referi hər tərəfə 1 qırmızı da göstərib.
Ümumilikdə isə cari mövsümdə 14-cü çempionat matçına çıxacaq hakim meydan sahiblərini 3-ü qırmızı olmaqla 26, qonaqları 1-i qırmızı olmaqla 27 vərəqə ilə cəzalandırıb və sonuncuların qapısına 2 penalti təyin edib.
Paşayevin idarə etdiyi matçlarda meydan sahibləri 4 qələbə qazanıb, 4 heç-heçə edib və 5 dəfə uduzub. 2016-cı ildə isə qonaqlar məğlubedilməz olub ki, bu da “Qəbələ”nin lehinə olan məqamdı. “Neftçi” isə 7 matçı ev sahibinin qələbəsini, 3 oyundu xal qazanmasını görməyən hakimin bu uğursuz seriyasını qırmalıdı.
Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 15:00-da başlayacaq.