Bu gün Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxacaq “Zirə” Bakı klubları üçün düşərli arenada qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, debütant Lüksemburq “Differdanj”ını “Dalğa Arena”da qəbul edəcək.
Bu oyun arenadakı 11-ci avrokubok görüşü olacaq. Əsasən heç-heçələrin qeydə alınması ilə diqqət çəkən stadionda keçirilən əvvəlki 10 matçın 6-da bərabərlik yaşanıb. Təmsilçilərimiz meydanı 3 qələbə ilə tərk edibsə, yalnız bir dəfə azarkeşlər məyusluğa üzülüb.
Lakin həmin yeganə məğlubiyyət ötən il Avstriya “Admira”sına 0:2 hesabı ilə yenilən “Kəpəz”in uğursuzluğu hesabına gerçəkləşib. Ev oyununu Bakıda keçirən bölgə klublarını nəzərə almasaq, əsl meydan sahibləri bu stadionda uduzmayıb.
Söhbət paytaxt təmsilçilərindən gedir ki, 10 görüşdən 6-da onlar meydana çıxıb. “Neftçi” 3, “İnter” 2 matçdan birində qalib gəlib, digərlərində bərabərliklə kifayətlənib. “Bakı” isə bu stadiondakı yeganə qarşılaşmadan “sülh”lə ayrılıb.
Digər 4 oyundan 2-si “Kəpəz”in hesabındadısa, “Qəbələ” və “Qarabağ” hərəyə 1 dəfə bu arenada oynamalı olub. Bu komandalar ümumilikdə 1 qələbə qazanıb, 2 heç-heçə edib və 1 dəfə uduzub.