Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanqın karyerasını hansı klubda davam etdirəcəyi hələ də bəlli deyil. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bir müddətdi ulduz futbolçunu almağa çalışan PSJ gözlənilmədən bu keçiddən imtina edib.
“Borussiya”dan ayrılacağını açıqlayan qabonlu forvardın yüksək maaş tələbi fransızları fikirlərindən daşındırıb. 27 yaşlı oyunçuya Çin klubu “Tianjin” ilinə 40 milyon avroluq astronomik məbləğ təklif edib. Həmin pulun heç yarısını verməyə yaxın durmayan Paris təmsilçisi isə alternativ variantlar axtarışına çıxıb. Paytaxt klubu "Monako"nun qolçusu Kilyan Mbappe üçün qarşı tərəflə danışıqlara başlayıb.
Qeyd edək ki, Obameyanq “Borussiya”nın heyətində 128 matçda iştirak edib, 85 qol, 20 assistlə yadda qalıb.