[b]PFL 2 futbolçuya mükafat verəcək[/b]
01.05.2017 - 17:00
[b]PFL 2 futbolçuya mükafat verəcək[/b]

Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün bombardiri statusunu rəsmən iki futbolçu daşıyacaq. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası (PFL) eyni sayda (11) qol vuran Rauf Əliyev və Filip Ozobiç arasında fərq qoymayacaq.

 

Bəzi ölkələrdə 2 və ya bir neçə futbolçu mövsümü bərabər sayda qolla tamamlayanda, başqa kriteriyalar nəzərə alınır. Bunlara assist, oyun və penaltidən vurulan qolların sayı aiddi.

 

Assist sayı bizdə rəsmi qaydada hesablanmadığı halda, digər göstəricilərdə Rauf həmkarını qabaqlayır. Məsələ burasındadı ki, Əliyev 11 qola 26, Ozobiç isə 27 oyunda imza atıb. Üstəlik, “Qəbələ”nin xorvatiyalı yarımmüdafiəçisi bu qollardan 2-ni penaltidən vurub. Raufun hesabında isə çempionatın cari mövsümündə penaltidən vurulmuş qol yoxdu.

 

Lakin bunlar Əliyevin 2016/2017 mövsümünün bombardiri statusunu tək daşıması üçün yetərli deyil. Çünki PFL mükafatlandırma mərasimində digər kriteriyaları nəzərə almayacaq. Bunu əməkdaşımızla söhbətində qurumun prezidenti Ramin Musayev də təsdiqləyib: “Hər ikisi bombardir sayılacaq. Həm Rauf Əliyevə, həm də Filip Ozobiçə eyni mükafat veriləcək”.