[b]Prosineçki cəbhədəki münaqişə haqda: Həyat yoldaşım qorxurdu[/b]
15.04.2016 - 10:13
[b]Prosineçki cəbhədəki münaqişə haqda: Həyat yoldaşım qorxurdu[/b]

“Dünyanın istənilən yerində bu cür halların yaşanması, insanların ölməsi üzücüdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiyalı çalışdırıcı aprelin əvvəllərində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş münaqişədən danışıb.

 

“Hərbi əməliyyatlar Bakıya yaxın yerdə baş vermədi. Buna rəğmən, həyat yoldaşım qorxurdu. Axı uşaqlarımız məktəbə gedirdilər. İndi Xorvatiyada olduğumuzdan, məktəbi bir neçə günlük buraxmalı olacaqlar” – deyə, Prosineçki bildirib.

 

Köməkçisi Yanko Yankoviçlə birlikdə Zaqrebdə Padel mərkəzinin açılışında iştirak edən Prosineçki Azərbaycan yığmasındakı fəaliyyəti haqda da söz açıb: “Artıq addım atılıb. Hələ Xorvatiya ilə qarşılaşanda bu komandaya qarşı oynamağın mümkün olduğunu demişdim. Meydanda bunu sübuta yetirmişdik. Amma bizim üçün Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq, həqiqətən də, asan deyil. Qələbələr asan qazanılmır. Seçmə mərhələdə çox güclü qrupa düşmüşük. Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San-Marino ilə mübarizə aparacağıq”.

 

Xorvatiya yığmasının AÇ-2016-dakı şanslarını dəyərləndirən Prosineçki Türkiyə ilə oyunun vacibliyindən danışıb: “Xorvatiyanın qrupdan çıxması türklərlə matçdan asılı olacaq. Türkiyə son illər güclü komanda təsiri bağışlayır. Onlarla oyunumuz qrupdakı taleyimizi həll edəcək. Düşünürəm ki, Xorvatiya daha yaxşı komandadı və qələbə qazana bilər”.

 

Prosineçki müsahibə zamanı İspaniya və İngiltərə çempionatları haqda da fikirlərini bölüşüb: “Real”a uduzandan sonra ispanlar “Barselona”nın çökdüyünü deməyə başladılar, hamı İvan Rakitiçin üzərinə düşdü. Halbuki “Barsa”da oyunun taleyini o yox, hücum xəttində çıxış edən 3 futbolçu həll edir. Zinəddin Zidan “Barselona” üzərindəki qələbədən sonra komandada qalmaq şansını artırdı. Məncə, “Real” rəhbərliyi ona şans verməlidi. Hamı düşünürdü ki, İngiltərə çempionatında “Lester”in seriyası uzun çəkməyəcək. Açıq-aşkar görünür ki, Klaudio Ranyeri böyük iş görüb. Maddi dayağı güclü olan komandalara qarşı istədikləri kimi oynamağı bacarırlar”.

 

gol.dnevnik.hr