[b]Prosineçki həyat yoldaşından danışdı: Kofe içməyə getmişdim...[/b]
25.10.2016 - 17:24
[b]Prosineçki həyat yoldaşından danışdı: Kofe içməyə getmişdim...[/b]

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ölkəsində gündəmdən düşmək bilmir. Apasport.az saytı xəbər verir ki, Xorvatiya mətbuatı bu dəfə təcrübəli çalışdırıcının ailə həyatı haqda yazı hazırlayıb.

 

Belə ki, tportal.hr saytında dərc olunan yazıda Prosineçkinin həyat yoldaşı Vlatka ilə tanışlığından, onların evlənməsindən bəhs edilib... 

 

Xorvatiyanın başçısı Kolinda Qrabar-Kitaroviç Bakıda səfərdədi. Xanım prezident şəxsi feysbuk hesabında Azərbaycanda çəkdirdiyi şəkilləri paylaşıb. Onların sırasında Qrabar-Kitaroviçin xorvatiyalılarla çəkdirdiyi foto da yer alıb. Aralarında bir tanış sima var idi. Söhbət sabiq futbolçu, hazırda Azərbaycan yığmasının baş məşqçisi olan Robert Prosineçkidən gedir. O, ölkəsinin prezidenti ilə görüşə həyat yoldaşı Vlatka ilə birlikdə gəlmişdi.

Vlatka həmişə kütləvi informasiya vasitələrində (KİV) və ictimai tədbirlərdə təvazökar şəkildə görünüb. Bəlkə də bu, onların evliliyinin illərdi qorunub saxlanılması üçün bir səbəbdi. Vlatka 20 ilə yaxındı ki, ərinin futbol fəaliyyətini izləyir. Sabiq komanda yoldaşlarından fərqli, Prosineçki evliliyini qoruya bilib. Bu da ona işində əlavə motivasiya verir.

 

Bəs Robert həyat yoldaşı ilə necə tanış olub? Yazıda bu məqama da toxunulub...

 

Robert ailə həyatı qurduğu xanımı 1996-cı ildə tanıyıb. Həmin vaxt Vlatka hələ orta məktəbdə oxuyurdu. 1999-cu ildə isə cütlük evlənib. Robert və Vlatkanın 2 qızı var.

Prosineçki bir neçə il öncə “Gloria” jurnalına müsahibəsində ailə həyatını, həyat yoldaşı ilə münasibətlərini belə təsvir edib: “Bir dəfə kofe içməyə getmişdim. Onda Vlatkanı gördüm və biz danışmağa başladıq. Danışığı mən başlatdım, halbuki bu mənə aid olan şey deyildi. Üstündən təxminən 2 il keçəndən sonra biz evləndik. İllərdi evliyik və yadıma gəlmir ki, nə vaxtsa aramızda problem yaşansın. Ailə həyatımdan tam razıyam. İki qızım var, hər ikisini çox sevirəm. Məni başa düşən həyat yoldaşım var. Bu məni rahatlaşdırır, işimdə əlavə motivasiya verir”.

 

Bakıda yaşamaq Prosineçki üçün rahatdı. O, fenomenal saydığı şəhəri Dubayla müqayisə edir: “Bakıya gələndə dərhal düşünürsüz ki, dünyanın ən gözəl şəhərlərindən birindəsiz.

Əsl Avropa şəhəridi, hər cür şərait var: əla restoranlar, əla məktəblər, yeni tikililər”.  

Prosineçki üçün vacib məqamlardan biri ailəsinin, həyat yoldaşı Vlatkanın yanında olmasıdı. Böyük qızı babası və nənəsi ilə birlikdə Zaqrebdə yaşayır. Vlatka və kiçik qızı isə Bakıda, Robertin yanındadı.