Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində heç bir görüşü tribunadan izləməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb xorvatiyalı çalışdırıcının 2 gün öncə ölkəmizi tərk etməsidi.
Hazırda Xorvatiyada olan Prosineçki sabahkı oyunları buraxmaq məcburiyyətində qalıb. Əvəzində köməkçiləri iş başında olacaqlar.
Prosineçkinin yerli köməkçiləri Mahmud Qurbanov və Elxan Abdullayev Zirə qəsəbəsinə səfər edəcək. Belə ki, onlar “Zirə” – “Qəbələ” matçına təyinat alıblar. Xarici köməkçi məşqçilər isə müvafiq olaraq, “Qarabağ” – “Sumqayıt” və “Rəvan” – “İnter” oyunlarını tribunadan izləyəcəklər.
“Xəzər Lənkəran” – “Neftçi” görüşündə isə millinin məşqçilərindən heç kim olmayacaq. Prinsipial rəqiblərin Lənkəranda baş tutacaq qarşılaşmasını canlı izləməyə ehtiyac duyulmayıb.
Qeyd edək ki, ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunları sabah keçiriləcək.