[b]Prosineçki Osloya yubileyə gedib[/b]
31.08.2017 - 14:10
[b]Prosineçki Osloya yubileyə gedib[/b]

Azərbaycan millisi sentyabrın 1-də növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2018-in seçmə mərhələsində Norveçlə görüşəcək.


Bu, komandamızın 25 illik tarixində 231-ci matç olacaq. İlk oyununu 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız arxada qalan müddətdə 230 qarşılaşmada meydana çıxıb.

 

Millimiz indiyədək 43 qələbə qazanıb, 62 dəfə heç-heçə edib. Hesabında 125 məğlubiyyət olan millimiz bu matçlarda 163 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 390 qoluna üzülüb.

 

Komandamız dünya və qitə çempionatlarının seçmə mərhələlərində 115-ci sınağına çıxacaq. Özünün 12-ci tsiklində çıxış edən milli 12 qələbə qazanıb, 23 heç-heçə edib və 79 dəfə uduzub. Əvvəlki 114 matçda 58 qol vuran futbolçularımız rəqiblərin 241 topuna şahid olub.

 

Yığmamız DÇ-nin seçmə mərhələlərində 55-ci görüşünə çıxacaq. İndiyədək 54 belə oyunda qüvvəsini sınayan millimiz 6 qələbə qazanıb, 14 heç-heçə edib və 34 dəfə uduzub. Futbolçularımız 22 qol vurduğu matçlarda 94-nü buraxıb.

 

Skandinaviya təmsilçisi ilə görüş yığmamızın xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin millimizdə yubiley - 20-ci sınağı olacaq. 2015-ci ildən milliyə rəhbərlik edən mütəxəssis 5 qələbə və 6 heç-heçə ilə yanaşı, 8 məğlubiyyət də yaşayıb. Millimiz top fərqində də məşqçisini üzüb - 15:27.

Oslodakı qarşılaşma xorvatiyalının seçmə mərhələlərdə 13-cü sınağı kimi yadda qalacaq. Əvvəlki 12 matçda 3 qələbə və 4 heç-heçəsi olan komandamız 5 dəfə uduzub. Həmin görüşlərdə 8 qol vuran futbolçularımız 16 top buraxıblar.