“Qəbələ”dən ayrılan Aleksey Qay daha bir təklif alıb. Apasport.az saytının məlumatına görə, bir müddət öncə adı “Vorskla” və “Çernomorets”lə birgə hallanan Qayla bu dəfə “Zarya” danışıqlara başlayıb.
Ukrayna mətbuatında hətta təcrübəli futbolçunun Luqansk təmsilçisi ilə razılığa gəldiyi və tezliklə komandanın düşərgəsinə qoşularaq, yay toplanışında iştirak edəcəyi yazılıb.
Topaz Premyer Liqasının başa çatan mövsümündə 10 qolla “Qəbələ”nin ən yaxşı bombardiri olan Qayın bu kluba keçidi rəsmiləşsə, o, sabiq komanda yoldaşı Vitali Vernidubun atasının rəhbərliyi altında oynayacaq. Belə ki, “Zarya”nı Yuri Vernidub çalışdırır.
Qeyd edək ki, Qay “Qəbələ”yə keçənə qədər “Şaxtyor”, “İlliçevets” və “Çernomorets” klublarının da formasını geyinib. O, Ukrayna yığmasında keçirdiyi 29 oyunda 1 qola imza atıb.