[b]Qəbələdə start, paytaxtda davam[/b]
12.12.2016 - 12:16
[b]Qəbələdə start, paytaxtda davam[/b]

Sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutacaq qarşılaşmalar eyni gündə keçiriləcək.

 

Yalnız Topaz Premyer Liqasında çıxış edən komandaların mübarizə aparacağı mərhələnin ilk görüşlərindən üçü Bakıda, biri əyalətdə baş tutacaq. Günə də məhz paytaxtdan kənarda keçiriləcək matçla start veriləcək.

 

Qəbələdə eyniadlı komanda AZAL-ı sınağa çəkəcək. Premyer Liqada çempionluğu hədəfləyən Roman Qriqorçukun yetirmələri çempionatın autsayderi ilə duelin aşlar favoritidi. Əyalət klubu son dueldə vacib iki xal itirdiyi rəqibdən həmin bərabərliyin qisasını almağa iddialıdı. Tərlan Əhmədovun komandası isə sensasiya ümidi ilə səfərə yollanacaq.

 

Mərhələnin yeganə paytaxt derbisində “Zirə” və “Neftçi” görüşəcək. Çempionatın ortababı olan qəsəbə klubu tarixində ilk dəfə yarımfinala yüksəlmək üçün mübarizə aparacaq. “Ağ-qaralar” isə tarixində məğlub edə bilmədiyi zirəliləri kubokda keçmək əzmindədi. Ölkənin ən titullu klubu çempionatdakı uğursuzluqları məhz yarımfinala vəsiqə ilə unutdura bilər. Əks halda isə Elxan Abdullayevin yetirmələrinin avrokuboklara minimal şansı da itmiş olacaq. Son 5 mövsümdə finalın iştirakçısı olan “Neftçi” bu rekord seriyasını davam etdirməsə, azarkeşlərinə növbəti üzüntü yaşadacaq. Dekabrın 21-də baş tutacaq cavab oyununa şanslı yollanmaq üçün Adil Şükürovun yetirmələri doğma meydanda sərfəli nəticə əldə etməlidi.

 

Avrokubok iddiasında olan daha iki komanda “İnter Arena”da görüşəcək. 2000-ci ildən sonra yarımfinala həsrət qalan “Kəpəz” “İnter”lə səfər oyununda münasib nəticəyə ümidlidi. 4 illik fasilədən sonra yenidən 1/4 final həyəcanı yaşayan qərblilər bu dəfə finala yaxınlaşmağa köklənib. “Bankirlər” isə ardıcıl 3-cü dəfə yarımfinala vəsiqə əldə etmək üçün cütün taleyini xeyrinə həll etməlidi. Bunun üçün Zaur Svanadzenin yetirmələri çətin Gəncə səfəri öncəsi üstünlük qazanmağa məcburdu.

 

Günün son oyunu kubokun hazırkı sahibinin iştirakı ilə keçiriləcək. Ardıcıl iki mövsüm “Qızıl dubl”a imza atan “Qarabağ” özü üçün çətin rəqib sayılmayan “Sumqayıt”ı qəbul edəcək. İndiyədək rəqibini iki dəfə kubok mübarizəsindən kənarlaşdıran Qurban Qurbanovun yetirmələrinin qalib gəlməməsi sensasiya kimi qəbul olunacaq. Çünki tarixində 2-ci dəfə 1/4 finala yüksələn sumqayıtlılar üçün elə bu nəticə də uğur sayılmalıdı.


Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

13 dekabr (çərşənbə axşamı)

15:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu
 

17:00. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu


17:00. “İnter”  - “Kəpəz”
“İnter Arena”
 

18:00. “Qarabağ” – “Sumqayıt”
“Azərsun Arena”