Yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununu keçirən Azərbaycan millisi Antalyada Moldova ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, FİFA-nın “pəncərə”sinə daxil olmayan yoldaşlıq görüşü qolsuz bərabərliklə nəticələnib.
Halbuki əksəriyyət ali futbol qurumunun reytinqində dördüncü “50-lik”də qərarlaşan Moldova üzərində qələbə gözləyirdi. Hazırda planetin 166-cısı olan Moldova komandamızın indiyə qədər qarşılaşdığı ən zəif 5 sınaqçı rəqibdən biridi. Yığmamız bununla ən yaxşı 150 komanda arasında olmayan rəqiblərə qarşı 9-cu matçını keçirib.
Maraqlıdı ki, 2015-ci ilin noyabrında dünyanın 154-cüsü kimi millimizin önünə çıxan Moldova 2-ci dəfə zəif imici ilə rəqibimiz olub. Həmin vaxt azarkeşlərimiz qələbəyə sevinmişdilərsə, bu dəfə heç-heçə ilə kifayətlənməli olublar. Moldova ilə dünən keçirilən qarşılaşmaya qədərki sonuncu matçda yığmamız Andorranın da müqavimətini qıra bilməmişdi. Maraqlıdı ki, zəiflər üzərində axırıncı qələbəmiz 2016-cı ildə məhz Moldova üzərində qazanılıb.
Bundan başqa, Andorra ilə 4 dəfə üz-üzə gəlmişiksə, Hindistan, Fələstin və Lixtenşteyn də zirzəmidə olduğu vaxt yoldaşlıq görüşündə millimizlə qarşılaşıb. Komandamız zəiflərlə keçirdiyi 9 matçda 4 dəfə qələbə qazanıb, 4 dəfə heç-heçə edib və 1 dəfə uduzub. Üstəlik, 4 bərabərliyin hamısında qapılara qol vurulmayıb.
Azərbaycan millisinin FİFA reytinqinin zəifləri ilə yoxlama oyunları
24 iyun 1998. Tallin. BT. Andorra – Azərbaycan – 0:0 (185)
4 iyun 2008. Andorra-la-Vella. YO. Andorra – Azərbaycan – 1:2 (184)
27 fevral 2012. Dubay. YO. Azərbaycan – Hindistan – 3:0 (154)
29 fevral 2012. Dubay. YO. Azərbaycan – Fələstin – 0:2 (162)
30 may 2012. Frankfurt. YO. Azərbaycan – Andorra – 0:0 (205)
6 fevral 2013. Dubay. YO. Azərbaycan – Lixtenşteyn – 1:0 (154)
17 noyabr 2015. Bakı. YO. Azərbaycan – Moldova – 2:1 (154)
26 may 2016. Bad Erlax (Avstriya). YO. Azərbaycan – Andorra – 0:0 (202)
30 yanvar 2018. Antalya. YO. Azərbaycan – Moldova – 0:0 (166)
Qeyd: mötərizədə rəqib komandanın FİFA reytinqində oyun gününə olan mövqeyi göstərilib.