Son iki ildə istər milli çempionat, istərsə də Avrokubok oyunlarında dəfələrlə Qurban Qurbanovun mətbuat konfranslarında olmuşam. Əsasən də, görüş bitəndən sonra nəticədən asılı olmayaraq, təmkinini qorumağı bacarırdı. Hətta "İnter"lə məlum matçdan sonra belə, çox üzgün olmasına baxmayaraq, olduqca sakit və təmkinli idi.
İş qrafikimlə əlaqədar dünən oyunda və ondan sonrakı mətbuat konfransında iştirak eləmirdim. Ancaq əməkdaşımızın mənə yolladığı konfrans mətnindən belə başa düşdüm ki, jurnalistlərlə görüş çox gərgin keçib. Qurban müəllim olduqca aqressiv və əsəbi imiş. Ən azından mən elə hiss elədim.
Komandanın Avroliqada yoluna davam etdiyi bir məqamda bu heç də yaxşı hal kimi görsənmir. Bəs yaxşı, görəsən, Qurban Qurbanov niyə bu qədər aqressiv idi? İki variant üzərində dayanmaq istəyirəm.
Birincisi bu ola bilər ki, neçə ildi Azərbaycan futbolunun nüfuzunu Avropada təkbaşına qoruyan “Qarabağ” və onun gənc baş məşqçisi artıq təzyiqlərə dözmür. İldən-ilə hədəfini və məqsədini yüksəldən, ictimaiyyətin böyük gözləntiləri olan bir klub və baş məşqçinin müəyyən təzyiq altında olması normal haldı. Üstəlik, oyunun gərginliyini də bunun üstünə gəlsək, Qurbanovu anlamaq olar.
Ancaq mənə ikinci variant daha çox inandırıcı gəlir. Matçın gedişini hər birimiz izlədik, bəzi oyunçuların fərdi səhvlərinin olması, ümumilikdə komandanın gözləniləndən çox aşağı və zəif oyunu açıq-aşkar idi. Fakt budu ki, Qurban Qurbanov futbolu bizim hamımızdan daha yaxşı bilir. Meydançada olanları da daha yaxşı görür. Və o, media nümayəndələri önünə çıxmamışdan öncə də yaxşı bilirdi ki, jurnalistlərin əsas hədəfləri oyunu individual olaraq zəif keçirən bəzi futbolçular olacaq.
Hansısa oyunçunun üstünə gedilərək danlanması, üstəlik, bunun komandanın yoluna davam etdiyi bir vaxtda olması kollektivin ümumi əhval-ruhiyyəsinə çox pis təsir edəcək. Hələ üstəlik, baş məşçqinin bu tənqidlərlə razılaşaraq yetirməsini hər kəsin qarşısında pisləməsi futbolçu üçün ciddi travma ola bilər.
Deməli, baş məşqçinin mətbuat konfransındakı aqressivliyini həm də “qara məni basınca, qoy qaranı mən basım” kimi dəyərləndirmək olar.
Bunu bir növ övladlarını kənar müdaxilələrdən qoruyan valideyn instinkti kimi də qəbul etmək olar. Cəzasını özüm verəcəm, ancaq sizə də əzdirmərəm, misalı.
Mənə elə gəlir ki, ikinci variant daha inandırıcıdı. Çünki belə olan halda futbolçular da hələ davam edən yolda baş məşqçilərinin onlara inandığını daha yaxşı anlayacaqlar.
Nə deyir Qurban Qurbanov? “Mən futbolçularımı heç vaxt pisləmərəm” - deyir, “Mənim futbolçularım pis oynamadı” demir, “pisləmərəm, pis oynasalar da pisləmərəm” deyir. Mesaj məncə, açıq və dəqiqdi.
Təki Qurban Qurbanovun inamı doğrulsun və “Qarabağ” ən az keçənilki nəticəsini təkrarlasın. Ən azından Azərbaycan futbolu naminə.
Zaur Xudiyev