Azərbaycan millisinin 2016-cı ildə keçirəcəyi ilk oyunun baş hakimi türkiyəli Ali Palabıyık bu sahədə zəngin tıəcrübəyə malik deyil. Apasport.az saytının məlumatına görə, 35 yaşını avqustda qeyd edəcək ədalət təmsilçisi FİFA referisi kimi ikinci ilinə start verir.
2015-ci ilin əvvəlindən bu statusa yiyələnməsinə baxmayaraq, Palabıyık artıq Azərbaycan təmsilçiləri ilə üz-üzə gəlib. Belə ki, türkiyəlinin avrokuboklarda debütü Bakıda gerçəkləşib.
O, Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” – “Mladost” (Monteneqro) matçının fit sahibi olub. 2:2 hesabı ilə başa çatan görüşdə Palabıyık “Neftçi”ni 1, qonaqları 3 sarı vərəqə ilə cəzalandırıb. 8-ci km qəsəbə stadionunda cəzalanan futbolçumuz isə Kamal Qurbanov olub. O, 33-cü dəqiqədə xəbərdarlıq alıb. Həmin matçın yan xətt hakimi Ceyhun Sesiguzel de yenidən həmyerlisinin briqadasında yer alıb.
Ankarada anadan olan referi uşaq futbolunda ilk addımlarını qapıçı kimi atıb. Lakin 17 yaşlı qolkiper 1998-ci ildə futbolçu karyerasını başa vurmağa qərar verib.
2 ildən sonra futbola dönən gənc hakimlik kurslarına qatılıb. Eyni zamanda təhsilini da davam etdirən referi indi də çalışdığı müəllim ixtisasına yiyələnib.
2002-ci ildə əvəzedicilərin, 1 il sonra 3-cü liqanın matçında debüt edən hakim 2004-cü ildə 2-ci liqaya da təyinat alıb. 2004/05 mövsümündə yan xətt hakimi kimi Superliqada da şans qazanan Palabıyık laysmanlıq kifayətlənməyib. 2011-ci ildə 1-ci liqa, 2012-ci ildə isə Superliqada referi kimi debüt edib.