Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində martın 15-də “Monako” ilə keçiriləcək cavab görüşü “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, bu, ispaniyalının çalışdırıcı kimi ÇL-də 100-cü oyunu olacaq.
Qvardiola qitənin ən mötəbər turnirində 100 matç həddinə çatan 29-cu mütəxəssis olacaq. Komandasının Fransa səfərində qələbəsi isə onu həm də yeni rekordçuya çevirə bilər. “Barselona” ilə 4 və “Bavariya” ilə 3 mövsüm ÇL-ə qatılan Qvardiola cari mövsümdən “Mançester Siti”nin “sükanı arxası”ndadı. Onun komandaları geridə qalan 99 qarşılaşmanın ümumilikdə 61-də qələbə qazanıblarsa, 23-də heç-heçə edib və passivlərinə 15 məğlubiyyət yazdırıblar.
Qvardiola baş məşqçi qismində ÇL-dəki ilk 100 matçında ən uğurlu nəticə göstərən Lui van Qalı keçməyə çox yaxındı. Çünki hər iki mütəxəssisin aktivində 61 qələbə var və “Mançester Siti”nin növbəti qalibiyyəti bu baxımdan ispaniyalını zirvəyə daşıyacaq. Diqqətçəkən digər məqam Qvardiolanın siyahıdakı mütəxəssislər arasında ən az məğlubiyyətlə üzləşməsidi.
Müqayisə üçün deyək ki, Azərbaycanda ən çox Çempionlar Liqası həyəcanı yaşayan mütəxəssis Qurban Qurbanovdu. “Qarabağ” son 3 mövsümdə onun rəhbərliyi altında bu turnirin təsnifat mərhələlərində 12 oyun keçirib. Bunun 5-də qələbə qazanıb, 5-də bərabərə qalan ağdamlıların passivində cəmi 2 məğlubiyyət var.
Baş məşqçilərin ÇL-dəki ilk 100 oyunlarında göstəriciləri:
Lui Van Qal: 61-22-17
Rafael Benites: 60-22-18
Yupp Haynkes: 58-20-22
Valeri Lobanovski: 56-23-21
Covanni Trapattoni: 56-22-22
Fabio Kapello: 54-27-19
Sven-Yoran Eriksson: 54-26-20
Joze Mourinyo: 54-25-21
Karlo Ançelotti: 51-27-22
Ernst Happel: 54-18-28
Aleks Ferqyuson: 49-32-19
Manuel Pelleqrini: 48-32-20
Jorj Jezuş: 51-22-27
Otto Rehagel: 52-19-29
Bobbi Robson: 50-25-25
Ottmar Hitsfeld: 50-24-26
Dik Advokat: 48-29-23
Luçano Spalletti: 51-19-30
Unay Emeri: 47-29-24
Roberto Mançini: 47-27-26
Oleq Romantsev: 46-23-31
Qi Ru: 46-23-31
Tomas Şaaf: 44-24-32
Kristian Qross: 44-23-33
Qus Hiddink: 43-26-31
Arsen Venger: 42-29-29
Mirça Luçesku: 42-25-33
Yuri Syomin: 39-23-38