[b]Qvardiolanın “söndürdüyü” ulduzlar[/b]
06.09.2016 - 16:10
[b]Qvardiolanın “söndürdüyü” ulduzlar[/b]

Pep Qvardiola dünyanın ən güclü məşqçilərindən biri hesab edilsə də, çalışdırdığı hər komandada sürpriz qərarlarla diqqət çəkib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssisin istər “Barselona”, istər “Bavariya”, istərsə də “Mançester Siti”də bir neçə ulduz futbolçunun xidmətindən imtina etməsi birmənalı qarşılanmayıb.

 

Bu yay “Bavariya”dan ayrılaraq “Mançester Siti”nin “sükanı arxası”na keçən 45 yaşlı mütəxəssis əvvəldən ədavətli olduğu Yaya Tureni bir göz qırpımında siyahısından “sildi”, İngiltərənin bir nömrəli qapıçısı Co Hartı isə İtaliyaya “sürgün etdi”.

 

Maraqlı olacağını nəzərə alıb, Qvardiolanın indiyə qədər komandadan ayrılmasına səbəb olduğu 11 futbolçunu diqqətinizə çatdırırıq.

 

Co Hart (“Mançester Siti” - qapıçı): “Mançester Siti”nin “sükanı arxası”na keçən kimi qapıçı axtarışına başlayan Qvardiola ixtiyarında olan Hartın zəif və yavaş olduğunu dilə gətirdi. Nəticədə bir neçə matçda ehtiyatda oturan İngiltərə millisinin əsas qolkiperi “Barselona”dan Klaudio Bravo transfer edilən kimi, “Torino”ya icarəyə verildi.

 

Canluka Zambrotta (“Barselona” – müdafiəçi): “Barselona”da çıxış etdiyi müddətdə Qvardiola ilə yola getməyən italyan futbolçu qısa müddət sonra komandadan uzaqlaşdırıldı.

 

Dante (“Bavariya” – müdafiəçi): 2012-ci ildə “Bavariya”ya transfer edilən braziliyalı oyunçu Qvardiolanın gəlişindən sonra ehtiyata “həbs edildi” və yekunda “Volfsburq”un təklifini qəbul etməli oldu.

 

Yaya Ture (“Barselona” – yarımmüdafiəçi): “Barselona”da olduğu dövrlərdə Qvardiola ilə ulduzu barışmayan Ture bu düşmənçiliyin yekununda “Mançester Siti”nin yolunu tutdu. İllərdi “şəhərlilər”in lideri olan Fil Dişi Sahili millisinin üzvünün burda da yolları Qvardiola ilə kəsişdi. Ture hazırda “Mançester Siti”nin oyunçusu olsa da, meydana çıxmır. Hətta Çempionlar Liqası üçün iştirak ərizəsinə də adı salınmayıb.

 

Əmrə Can (“Bavariya” – yarımmüdafiəçi): “Bavariya”nın formasını geyindiyi dövrdə Qvardiolanın rəhbərliyi altında çıxış edən Əmrə qısa müddətdə ispaniyalının “qara siyahı”sına düşdü. Çıxış yolunu “Bayer”ə keçməkdə görən Almaniya millisinin üzvü hazırda “Liverpul”un uğurları üçün çalışır və Pepin rəqibidi.

 

Bastian Şvaynşteyger (“Bavariya” – yarımmüdafiəçi): Uzun illər şərəfini qoruduğu “Bavariya”da saysız-hesabsız uğurlar qazanan Şvaynştayger ispaniyalı mütəxəssisin dövründə lazımsız oyunçuya çevrildi. Ardından isə sevimli komandasını “Mançester Yunayted”ə dəyişmək məcburiyyətində qaldı.

 

Toni Kroos (“Bavariya” – yarımmüdafiəçi): “Bavariya”da heç cür özünü Qvardiolaya sevdirə bilməyən Kroos ordan transfer olunduğu “Real”ın aparıcı simasına çevrildi.

 

Deku (“Barselona” – yarımmüdafiəçi): “Barselona”nın qızıl dövrlərini yaşadığı vaxt heyətin önəmli simalarından olan portuqaliyalı 2008-ci ildə Qvardiolanın gəlişindən sonra komandadan ayrıldı və “Çelsi”yə transfer olundu.

 

Ronaldinyo (“Barselona” – yarımmüdafiəçi): Dünyanın əfsanəvi futbolçuları arasında göstərilən Ronaldinyo “Barselona”nın lideri olduğu bir vaxtda Qvardiolanın qurbanına çevrildi, nəticədə “Milan”a keçməyi çıxış yolu olaraq gördü.

 

Samuel Eto (“Barselona” - hücumçu): Eto uğurlarla zəngin “Barselona” karyerasına 2009-cu ildə məhz Qvardiolanın ucbatından son qoydu. Həmin vaxt kamerunlu forvard “İnter”in yolunu tutdu.

 

Zlatan İbrahimoviç (“Barselona” - hücumçu): 2009-cu ildə böyük ümidlərlə “Barselona”ya transfer edilmiş İbrahimoviç burda olduğu 2 mövsüm ərzində gözəl çıxışı ilə diqqət çəksə də, sonradan Qvardiola səddinə ilişdi. Tez-tez Peplə mübahisəyə girişən isveçli forvardı “Milan” əvvəlcə icarəyə götürdü, sonra isə birdəfəlik transfer etdi.