“Qarabağ”ın və Azərbaycan yığmasının futbolçusu Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi
- Ölkə çempionatının V turu çərçivəsində “Zirə” ilə matçda dubl etməklə, “Qarabağ”a qələbə qazandırdınız. Bu görüşdə 2 qol vuracağınızı gözləyirdiz?
- Meydana qələbə üçün çıxmışdıq. Şükürlər olsun ki, buna nail olduq. Dubl etməyimə gəlincə, nəinki iki qol, ümumiyyətlə, qol vuracağımı gözləmirdim. İki qol mənim üçün göydəndüşmə oldu (gülür). Əsas o idi ki, 3 xal qazanaq. Qolların kimin vurmasının bizim üçün fərqi yoxdu.
- Əsl formanızı tam olaraq bərpa edə bilmisiz, yoxsa hələ də əvvəlki Rahid deyilsiz?
- Deməzdim ki, pik formadayam. Düzdü, fiziki cəhətdən problem yoxdu. Ancaq oyun praktikası baxımından çatışmazlıq var. İnşallah, onu da aradan qaldıraram.
- Çempionat matçlarında əsas heyətdə gözə dəysəniz də, Avroliqa oyunlarında ehtiyatda qalırsız. Səbəbini nədə görürsüz?
- Kimin çempionatda, kimin Avroliqada oynamağına baş məşqçi qərar verir. Onun seçimi ilə bağlı heç nə deyə bilmərəm. Məşqçinin qərarına hörmətlə yanaşıram.
- “Qarabağ”da sizin mövqeyinizdə güclü rəqabət var. Riçard Almeyda, Migel Madera, Qara Qarayev və Coşqun Diniyevlə rəqabət aparmaq çətin deyil ki?
- Həqiqətən də, bizdə yarımmüdafiənin mərkəzində rəqabət güclüdü. Amma Avroliqa və çempionatda oyunlar keçiririk, matçların sayı çox olur. Buna görə də, məşqçi tez-tez rotasiya edir. Hamı ilə rəqabətə hazıram.
- Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsız. Gəncə səfərindən qələbə ilə qayıtmaq asan iş deyil...
- Bəli, Gəncə çətin səfərlərdən sayılır. Bizi ağır oyun gözləyir. Buna baxmayaraq, Bakıya 3 xalla dönməyi düşünürük. Bu, “Fiorentina” ilə görüşöncəsi bizim üçün yaxşı motivasiya olar. Gəncəyə qələbə dalınca gedəcəyik.
- Cari mövsümün ilk turları göstərir ki, çempionluğa bir nömrəli namizəd yenə “Qarabağ”dı. İndiki vəziyyətdə hansı komanda sizinlə birincilik mübarizəsi apara bilər?
- Bəzi komandalar əsl oyunlarını göstərə bilmirlər. Bəlkə də, bu, yaxşı təlim-məşq toplanışı keçməməkləri ilə bağlıdı. Məncə, “Qəbələ” bu il həm çempionatda, həm də Avroliqada yaxşı çıxış edir. İndiki vəziyyətdə “Qarabağ”la çempionluq mübarizəsi aparacaq komanda “Qəbələ”ni sayıram.
- Avroliqanın qrup mərhələsi çərçivəsində gələn həftə “Fiorentina” ilə üz-üzə gələcəksiz. İtaliyanın adlı-sanlı klubu ilə səfər qarşılaşmasında hansı nəticəyə ümid edirsiz?
- Çox çətin olacaq. Siz də qeyd etdiniz ki, “Fiorentina” ölkəsinin adlı-sanlı klublarındandı. Axırıncı turda “Roma” üzərində qələbə qazanıblar. Əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, ən azından uduzmayaq.
- “Böyük beşlik” təmsilçiləri Avroliqaya o qədər də ciddi yanaşmırlar. “Qarabağ” bundan istifadə edib, Florensiyada sürprizə imza ata bilərmi?
- Deməzdim ki, “Fiorentina” Avroliqaya ciddi yanaşmır. Onlar bu turnirə elə-belə qatılmayıblar. Amma biz də öz oyunumuzu göstərərək, yaxşı nəticə əldə etmək istəyirik.
- Əvvəlki 2 ildə “Qarabağ” Avroliqanın qrupundan növbəti mərhələyə yüksələ bilməyib. Bu dəfə missiyanın öhdəsindən gələ biləcəksiz?
- Hər şey mümkündü. Qrup oyunları başlamamışdan deyirdilər ki, “Slovan” asan rəqibdi. Amma birinci oyun göstərdi ki, heç də elə deyil. Avroliqada rahat oyun olmur. Qrupdan çıxmaq məsələsinə gəldikdə, çətindi, amma şans var. Biz də bu şansdan istifadə edib, Azərbaycan futbolunda yeni tarix yazmaq arzusundayıq.
- Bir qədər də milli barədə danışaq. Yığmamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay Norveç və Çexiya ilə qarşılaşacaq. Real yanaşsaq, bu görüşlərdən neçə xalla ayrılmaq mümkündü?
- Norveçlə evdə oynayacağıq. Odu ki, yaxşı nəticəyə ümid edirik. Keçən seçmə mərhələdə də onlarla qarşılaşmışıq, bu komandanı tanıyırıq. İstərdik ki, Norveçlə görüşdən qələbə ilə ayrılaq. Meydana bu məqsədlə çıxacağıq. 3 gün sonra isə Çexiya ilə oynayacağıq. Bizim üçün ağır olacaq. Lakin Çexiya da top-komandalardan deyil. Hardasa heç-heçəyə ümid etmək olar.
- Millinin baş məşqçisi Robert Prosineçkinin ən çox güvəndiyi futbolçulardansız. “Qarabağ”da az oynamağınız onu narahat edirmi?
- Düzü, aramızda belə söhbət olmayıb. Amma Prosineçki klubunda az oynayan və oynamayan hər futbolçuya görə narahatdı. Özü də başa düşür ki, zədədən yeni qayıtmışam. Əvvəlki formamı yığmaq üçün mənə bir az da vaxt lazımdı.
Tengiz MƏMMƏDOV