[b]Rahid Əmirquliyev zədəsini təzələdi[/b]
03.03.2016 - 12:07
[b]Rahid Əmirquliyev zədəsini təzələdi[/b]

“Qarabağ” yeni transferi Rahid Əmirquliyevi itirib. Apasport.az saytının məlumatına görə, yığmamızın yarımmüdafiəçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sumqayıt”la qarşılaşmada zədələnib.

 

Qış təlim-məşq toplanışında zədələndiyi üçün yeni komandasının heyətində çempionatın XXII turunda “siftə” edən 27 yaşlı futbolçu ilk dəfə kubok matçında start heyətində meydana çıxmışdı. Lakin “Sumqayıt”la dünənki qarşılaşmanın 15-ci dəqiqəsində zədələnən futbolçu Riçard Almeyda ilə əvəzlənmişdi.

 

Klubdan verilən məlumata görə, Əmirquliyevin köhnə zədəsi təzələnib. Oyunun əvvəlində ayağında ağrılar hiss etdiyi üçün baş məşqçi Qurban Qurbanov onu riskə atmamaq üçün əvəzləyib. Təcrübəli futbolçu bu gün Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçəcək və yalnız ondan sonra zədəsinin durumuna tam aydınlıq gələcək.

 

5 aydı yaşıl meydanlardan uzaq qalan “Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo Silva isə hələ də fərdi məşqlərlə kifayətlənir.

 

Qeyd edək ki, Rahid Əmirquliyev kubok matçından əvvəl çempionatın son iki turunda meydana sonradan daxil olub və ümumilikdə 39 dəqiqə iştirak edib.