AZAL-ın futbolçusu Rail Məlikov Azərbaycan çempionatlarında 250-ci oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in kapitanı yubileyini Topaz Premyer Liqasının XXXI turunda qeyd edəcək.
“Rəvan”la aprelin 24-də keçiriləcək matçadək 31 yaşlı müdafiəçinin hesabında 249 qarşılaşma var. “Bayıl Arena”da iştirak edəcəyi halda, o, 250-ci çempionat görüşündə forma geyinmiş olacaq.
Karyerasına Ramil Mirzəyev kimi başlayan arxa xətt oyunçusu bu rəqəmə “Bakılı”, “Bakı”, “Neftçi”, “Qəbələ” və AZAL-da forma geyinməklə çatıb. Müdafiəçinin hesabında 249 matçda 2 qol var. O, bu oyunların 28-ni indiki komandasında keçirib.
Bununla, Məlikov Azərbaycan çempionatları tarixinə 250 və daha çox oyun keçirən 48-ci futbolçu kimi düşəcək. Bu siyahıya daxil olan son iki oyunçu – Arif Daşdəmirovla Elvin Məmmədov yubileyini 2016-cı ildə qeyd edib. Siyahıya isə hesabında 421 oyun olan Mahmud Qurbanov başçılıq edir.